Ermənistanda gizli ssenari: sülhü kimlər sıfırlamaq istəyir?backend

Ermənistanda gizli ssenari: sülhü kimlər sıfırlamaq istəyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son aylarda Ermənistanın siyasi gündəmində müşahidə olunan proseslər, xüsusilə də revanşist qüvvələrin fəallaşmaq cəhdləri regionun gələcək təhlükəsizlik dinamikasına dair sualları yenidən aktuallaşdırıb. İrəvanda müxtəlif siyasi dairələr arasında gedən mübarizə, həm sülh təşəbbüslərinin davamlılığına, həm də 2026-cı ildə keçiriləcək seçkilərin mümkün nəticələrinə birbaşa təsir göstərir. Politoloqlar hesab edirlər ki, hazırkı geosiyasi reallıqlar fonunda Ermənistan daxilində xarici mərkəzlərə bağlı qüvvələrin dirçəlməsi riskləri qalmaqdadır və bu risklərin idarə olunması ən çox rəsmi İrəvanın mövcud siyasi kursunun taleyindən asılı olacaq.

Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanda hələ də revanşist qruplar fəaliyyət göstərir:

“Bu qüvvələr açıq şəkildə müharibə çağırışları etməsələr də, sülh gündəliyinin tamamilə aradan qaldırılmasına çalışırlar. Onların əsas dayağı isə, şübhəsiz ki, Rusiyadır. Nikol Paşinyanın Azərbaycanla apardığı ardıcıl siyasətə və danışıqlar prosesinə nəzər saldıqda aydın görünür ki, o, münasibətlərin normallaşdırılması istiqamətində müəyyən uyğun mövqe nümayiş etdirməyə çalışır.

Hazırda de-fakto Ermənistan və Azərbaycan arasında sülh vəziyyəti mövcuddur. 2026-cı ildə keçiriləcək seçkilərdə Paşinyanın məğlub olacağını düşünmürəm, çünki siyasi mövqeləri kifayət qədər güclüdür. Lakin fors-major şəraitdə o, seçkilərdə uduzarsa və hakimiyyətə alternativ qüvvələr gələrsə, bu zaman sülh gündəliyi yenidən sıfırlanacaq, danışıqlar dayanacaq və ermənilərin Qarabağı qaytarmaq xülyası bir daha gündəmə gətiriləcək”.

“Mövcud mərhələdə Paşinyanın mövqeləri yetərincə möhkəmdir və Ermənistan cəmiyyətinin böyük əksəriyyəti onu dəstəkləyir. Müxalifətin indiki siyasi xətti isə Ermənistan ictimaiyyəti tərəfindən qəbul olunur”,-deyə politoloq bildirib.

//Gülnarə Abasova, Editor.az