“Ermənistanda klanlar terror fəaliyyətinə keçə bilər” – Türk politoloqbackend

“Ermənistanda klanlar terror fəaliyyətinə keçə bilər” Türk politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhlükəsizlik üzrə ekspert, Türkiyənin Bahçeşehir Universitetinin müəllimi Abdullah Ağarın Yenisabah.az-a müsahibəsi:

– Azərbaycan Ermənistana dəfələrlə sülh müqaviləsi təklif etsə də, Ermənistanda hələ də revanşist əhval-ruhiyyə hakimdir. Sizcə, bunun səbəbi nədir, İrəvan məğlubiyyətini niyə həzm etməkdə çətinlik çəkir?

– Azərbaycan ordusu Ermənistan ordusunun belini qırıb zəfər əldə etdi. Lakin müharibənin 44-cü günündə Rusiyanın araya girməsi, müharbəyə müdaxilə etməsi və atəşkəs bəyanatı imzalatmasa, Ermənistan bir daha təhdid dilində danışmazdı. Bu “iradəni” bir sıra ölkələr “qidalandırır”.

Digər tərəfdən, ermənilərdə yüz illərlə yığılmış tarixi kin var. Uşaqlarını da bu cür  yetişdiriblər. İndi ermənilərin intiqamçı hisslərdən, Ermənistanın intiqamçı siyasətdən vaz keçməsini gözləmək doğru deyil. Bəlkə, şərtlər onları vaz keçmiş kimi göstərəcək, amma bunun ortadan qalxması üçün ya müharibə etmə əzmləri və iradəsi tamamilə qırılmalı, ya da “soyuma müddəti”ni gözlənilməlidir. Bəlkə də, bu, illərlə davam edəcək.

Həmçinin, məsələnin digər tərəfi, Ermənistanın daxilində radikal millətçi kütlənin və klanların varlığıdr. Onlar bu intiqamçı hisslərdən, siyasətdən bəslənir və bunu ayaqda saxlamağa çalışırlar. Onsuz da Ermənistan türk düşmənçiliyi üzərinə qurulan bir dövlətdir.

Məsələyə bu nöqtədən baxmaq və daha doğru mühakimə yürütmək, yəni gerçəkçi olmaq lazımdır. Ermənistan uzadılan əli tutarsa, qazanacaq, amma vaz keçərsə, açığı, bu hisslərlə varlığını davam etdirməyə çalışacağını düşünürəm.

– Əgər iki ölkə arasında nəhayət, sülh müqaviləsi imzalanarsa, qarşı tərəfdən təhdid gözləməməməliyik?

– İki ölkə arasında həqiqi mənada dövlət iradəsinin təzahürü olaraq hər hansı bir sülh sazişi imzalanarsa və erməni dövlətinin məkrli niyyəti yoxdursa, təhdid olmayacaq. Amma ikibaşlı oyun oynayırsa… Bu razılaşmadan məmnun olmayan, dövlətiçi bəzi güc mərkəzləri terrordan və s. istifadə edə bilər. Onsuz da bunu hazırda görürük, çünki bəzi dövlət, xarici aktorlar və ya terror təşkilatları Ermənistanın içində paramilitar qruplar yaradıb. Yəni güc mərkəzləri, klanlar və ya “Böyük Ermənistan” ideyasına sahib olan radikal millətçilər terror fəaliyyətinə keçə bilərlər. Bunu heç bir zaman unutmamalıyıq.

– Sizcə, sülh prosesi danışıqlarını vasitəçilər olmadan davam etdirmək mümkündürmü?

– Vasitəçiliyin əsas prezumpsiyası budur ki, onu həyata keçirənlər fərdi mənfəət güdmürlər. Amma vasitəçilərin bilinən və yaxud bilinməyən bir sıra mənfəətləri varsa, sözsüz ki, bu, artıq gerçək vasitəçilik deyil.

Bir sıra həssaslıqlar olduğu üçün vəziyyəti ümumən bilirik, amma açıq danışmırıq. Yəni iki ölkə vasitəçisiz də razılığa gələ bilər.

Azərbaycan və Ermənistan müharibədə əsas kartlarını açdılar. Bu savaşa müdaxilə olmasaydı, daşlar daha rahatlıqla yerinə oturardı. Amma müdaxilə olduğu üçün bir çox şeyləri danışmaq məcburiyyətində qalırıq.

Güman edirəm ki, bir az öncə əsas prezumpsiyanı söyləyərkən məqsədim anlaşılıb. Yəni ölkə adı çəkməkdən danışdım.

Təəssüf ki, Qarabağ mövzusunda vasitəçilik edən dövlətlərin mənfəət güddüyünü görürük. Həm də öz hegemonluqlarını davam etdirmək istəyirlər.