Ermənistanda mitinqlər: “Paşinyan hakimiyyəti yalnız bu halda devrilə bilər”- ŞƏRHbackend

Ermənistanda mitinqlər: “Paşinyan hakimiyyəti yalnız bu halda devrilə bilər”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvanda keçirilən mitinqlər Paşinyan hakimiyyətinə təzyiq xarakteri daşıyır. Son vaxtlar baş verən hadisələr, Cənubi Qafqazda cərəyan edən proseslər və həmin proseslər fonunda Ermənistanın daha da aciz duruma düşməsi ölkə daxilində etiraz dalğasını yenidən hərəkətə gətirib. Ancaq ümumilikdə bu etiraz dalğası Paşinyan hakimiyyəti dəyişikliyinə gətirib çıxa biləcək qədər güclü deyil”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Ermənistanda müxalifət hazırda deqradasiya prosesi keçirir:

“Ölkə müxalifətinin Paşinyan hakimiyyətini dinc yollarla dəyişə biləcəyi inandırıcı görünmür. Birincisi, Ermənistan müxalifətinin əsas sosial bazası ümumi şəkildə Qarabağ ermənilərindən ibarətdir. Onilliklər boyu formalaşmış bir Qarabağ klanı var və bu klan yerli erməni sakinləri tərəfindən nifrətlə qarşılanan siyasi qüvvəyə çevrilib. Əslində Paşinyan hakimiyyətinin formalaşması məhz Qarabağ klanına olan nifrətdən qaynaqlanır. Digər bir məsələ də son bir neçə ay ərzində Qarabağda könüllü şəkildə Ermənistana gedənlərlə bağlıdır. Bu kontingent də Paşinyan hakimiyyətinə qarşıdır. Ancaq yerli ermənilər tərəfindən dəstəklənməyən sosial kontingentdir. Bu səbəbdən də Qarabağ klanının sıralarına əlavə qüvvə cəlb olunmuş olsa belə Ermənistanın Paşinyan hakimiyyətinə qarşı yerli sakinlərinin ciddi şəkildə çıxış edəcəkləri inandırıcı görünmür. Çünki Ermənistan cəmiyyətində belə bir anlayış var ki, əgər Paşinyan hakimiyyəti devrilərsə, onu Qarabağ klanı əvəz edəcək. Erməni xalqı isə Qarabağ klanının hakimiyyətə gəlməsini istəmir. Bu səbəbdən də Paşinyan hakimiyyətinə qarşı Ermənistan müxalifətinin böyük uğurlar qazana biləcəyi inandırıcı deyil. 2020-ci ildəki hərbi məğlubiyyətindən bu yana Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı keçirilən etiraz aksiyalarının nəticələri də bunu təsdiqləyir. Paşinyan hakimiyyətinin devrilməsi üçün böyük ehtimalla hansısa xarici qüvvənin, məsələn Rusiyanın dəstəklədiyi qruplaşma tərəfindən keçirilən silahlı hərakatla baş tuta bilər. Bu da müəyyən mənada Ermənistanın daxilində vətəndaş müharibəsi təhlükəsi yarada bilər. Ancaq hazırda Nikol Paşinyan hakimiyyəti üçün devrilmə təhlükəsi real deyil”.

//Gülnarə Abasova, Editor.az