Ermənistanda Paşinyanın hakimiyyəti sarsıla bilər? -Köçəryan Rusiyanın oyununu açdıbackend

Ermənistanda Paşinyanın hakimiyyəti sarsıla bilər? –Köçəryan Rusiyanın oyununu açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi gərginlik artır və həm daxili, həm də regional geosiyasi maraqların təsiri daha açıq görünür. Ölkənin siyasi mənzərəsi, hakimiyyət və müxalifət qüvvələrinin hərəkətləri, eləcə də xarici dövlətlərin təsiri seçki prosesinin taleyini formalaşdıracaq əsas amillərdən biridir. Bu kontekstdə keçmiş prezident Robert Köçəryanın baş nazirliyə namizədliyi xüsusi diqqət çəkir və yalnız daxili siyasi proseslərlə izah edilə bilməz.

Siyasi analitik Aydın Quliyev bildirib ki, seçki yaxınlaşdıqca Ermənistanda siyasi aktivliyin artması gözləniləndir:

“Seçki həm ölkə daxilində siyasi güclərin gələcək taleyini, həm də Ermənistanın xarici geosiyasi kursunu müəyyən edəcək. Ermənistan hazırda yol ayrıcındadır; bir tərəfdən Qərb və ABŞ ilə yaxınlaşmağa çalışır, digər tərəfdən isə Rusiya öz ənənəvi təsirini saxlamaq üçün bütün rıçaqlarını işə salır.

Bu şəraitdə həm hakimiyyət, həm müxalifət, həm Qərb, həm də Kremlin maraqları fəallaşıb. Paşinyanın Qərb tərəfdarı olduğunu nəzərə alsaq, Rusiyayönümlü fiqurların, o cümlədən Köçəryanın fəallaşması təsadüfi deyil. Bu, Rusiyanın seçkilərə ciddi önəm verdiyini göstərir”.

Quliyev əlavə edib ki, Köçəryandan əvvəl başqa bir oliqarx, Karapetyan da Rusiyanın dəstəyi ilə namizədliyini irəli sürmüşdü:

“Görünür, Kreml Ermənistanın siyasi arenasında özünə münasib kadrların seçilməsinə çalışır. İlkin mərhələdə Rusiyayönümlü namizədlər çox olsa da, seçki yaxınlaşdıqca onların əksəriyyəti geri çəkiləcək və əsas qarşılaşma Paşinyan və Rusiyayönümlü əsas namizəd arasında baş tutacaq.

Bu proses təkcə Ermənistanın daxili işi deyil, həm də bölgədə, xüsusilə Azərbaycanla sülh prosesinə birbaşa təsir göstərir. Hakimiyyət dəyişərsə, sülh prosesi təhlükəyə düşə bilər; əgər Paşinyan qalarsa, prosesin davamı üçün əsas təminat yaranacaq və Ermənistanın Avropa və ABŞ ilə inteqrasiyası güclənəcək”.

“Beləliklə, Ermənistan parlament seçkiləri həm hakimiyyətin gələcəyini, həm geosiyasi seçimləri, həm də regionda sülhün perspektivini müəyyən edən kritik hadisə kimi qiymətləndirilir”,-deyə sonda analitik qeyd edib.

//Gülnarə Abasova, Editor.az