Ermənistanda vəziyyət getdikcə qızışır: “Rusiya məsələyə barmağını qoymalıdır“backend

Ermənistanda vəziyyət getdikcə qızışır: “Rusiya məsələyə barmağını qoymalıdır“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda seçki ehtirası getdikcə qızışır. Müxalif liderlər seçicilərlə görüşdə Paşinyan iqtidarını sərt tənqid edərək onu ölkə maraqlarını satmaqda günahlandırır. Onlar hətta hakimiyyətə gələcəkləri təqdirdə “Qarabağın Azərbaycana verilməsinə” razı olmayacaqlarını da bildirirlər.

Maraqlıdır, bu bəyanatlar nə dərəcədə real səslənir? Ermənistan müxalifəti 20 iyun seçkilərində hakimiyyətə gələcəyi təqdirdə, hərbi əməliyyatlar yenidən alovlana bilərmi?

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri Qabil Hüseynli Yenisabah.az-a açıqlamasında müxalif qüvvələrin çıxışlarının sadəcə populizmdən ibarət olduğunu vurğulayıb:

“Ermənistanın hazırda Qarabağın alınması üçün lazım olan hərbi potensialı əldə etmək imkanı yoxdur. Real danışmırlar, xalqı aldadırlar.  Əgər bir ordunun şəxsi heyətinin yarıdan çoxu, texnikasının 85 faizi məhv edilibsə, ölkədə anarxiya hökm sürürsə və böyük ruh düşkünlüyü varsa, belə bir şəraitdə nədən söhbət açmaq olar? Onlar hansı vəsaitlə bunu edəcəklər? Bu, sadəcə yalanlarla xalqa kələk gəlməkdir və ona görə də baş tutmayacaq”.

Politoloq diqqətə çatdırıb ki, seçkilərdə Nikol Paşinyanın müəyyən qədər qabaqda olması müxalifət nümayəndələrini daha çox yalanlar satmağa vadar edir:

“Paşinyan hakimiyyətə gəlsə, dil tapmaq, müəyyən bir konsensus əldə etmək mümkün olacaq. Düzü, müxalifətin hakimiyyətə gəlmə şansını zəif hesab edirəm. Bunun baş verməsi üçün seçkilər saxtalaşdırılmalıdır, Rusiya məsələyə barmağını qoymalıdır, çünki Köçəryanı erməni xalqı qətiyyən hakimiyyətə buraxmaq istəmir. Digər parlaq bir şəxs də yoxdur. Seçkilər ədalətli, şəffaf keçəcəksə, Paşinyan qalib gələcək. Bu baş verməsə, deməli, Rusiya proseslərə müdaxilə edəcək”.

Sərhəddə baş verən təxribatlarla bağlı isə ekspert Azərbaycan xalqını ayıq olmağa səsləyib:

“Təxribat törətmək isə onların qanında var, bu, həmişə davam edəcək, ona görə də Azərbaycan xalqı ayıq olmalıdır”.