Ermənistanda xaos uzun müddət davam edəcək- Ramil Həsənbackend

Ermənistanda xaos uzun müddət davam edəcək- Ramil Həsən

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabrda imzalanmış üçtərəfli bəyanat Ermənistanda olduqca ziddiyətli və çox böyük uçurumla nəticələnəcəyi öncədən bəlli olan prosesləri daha da dərinləşdirdi. Ermənistanın ağır məğlubiyyətindən sonra düşmən ölkədə xaos daha da gücləndi, vətəndaşlarla Ermənistan hakimiyyəti arasındakı münasibətlərin daha da kəskinləşdi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Deputat bildirib ki, bu məsələdə bir neçə amilə diqqət yetirmək lazımdır ki, orada mövcud xaosun gələcəyi ilə bağlı proqnoz vermək mümkün olsun: “Birincisi, Ermənistan dövləti müharibənin ilk günlərindən öz xalqını aldatmağa başladı. Ölülərin,yaralıların, itkin düşən insanların sayı, ərazilərin azad olunması ilə bağlı məsələlərdə öz vətəndaşlarına yalan məlumatlar verdi. Ona görə də, bugün Ermənistanda xaos hökm sürür və insanlar Ermənistan Müdafiə Nazirliyinin hasarlarını aşaraq binanin içinə qədər daxil olublar. Böyük mitinqlər keçirilir, ermənilər öz övladlarının naməlum taleyi ilə bağlı izahat tələb edirlər”.

Ramil Həsən əlavə edib ki, xaosun bir səbəbi də Ermənistan baş naziri Nikol Paşinyanın istefası tələbi ilə bağlı müxalifət partiyalarının davamlı etiraz aksiyaları keçirilməsidir: “Rusiya, Qərb və Ermənistan içərisində Soros Fonduna bağlı siyasi qüvvələr üz-üzə dayanıb. Bu ölkədəki böhranı daha da dərinləşdirir”.

Deputatın sözlərinə görə, Paşinyan və onun gələcək taleyi ilə bağlı proqnoz vermək nə qədər çətin olsa da, Paşinyanın əleyhdarları mövcud vəziyyətdən maksimum dərəcədə istifadə edərək onun devrilməsinə çalışırlar: “Xüsusilə də, Ermənistan baş nazirinin bir neçə gün bundan əvvəl “Biz Azərbaycan və Türkiyə ilə münasibətləri yenidən qurmalıyıq. Azərbaycanın güclü olduğunu etiraf etmək lazımdır” deməsi ona qarşı olan etirazların daha da gərginləşməsinə səbəb olan amillərdən biri kimi istifadə olunur. Belə bir fakt var ki, məğlubiyyət yetim doğulur və Azərbaycan dövlətinin həm diplomatik masada, həm də döyüş meydanında qazandığı uğur Ermənistanda qarışıqlıq yaratdı”.

Millət vəkili bildirib ki, onun proqnozlarına görə, bu ay ərzində Paşinyan istefaya verməyəcək: “Dünya ermənilərinin dini lideri hesab olunan erməni katalikosunun ona müraciətinə baxmayaraq istefa vermir ve yerində qalmağa davam edir. Şübhəsiz ki, iqtisadi böhran, əhalinin yaşayış səviyyəsi, pandemiyaya qarşı mübarizədəki uğursuzluq və ən əsası Qarabağ torpaqlarının düşmən tapdağından azad olunaraq Azərbaycanın tərkibinə qaytarılması ilə bağlı addımlar indiki hakimiyyətin vəziyyətini çıxılmaz hala salır. Paşinyanın qatı əleyhdarı olan və Paşinyan tərəfindən bilavasitə həbs edilmiş Köçəryan və son 2 il ərzində həbs olunma təhlükəsi ilə yaşayan Sarkisyan da bu fürsətdən istifadə edərək bütün imkanları ilə Paşinyanı devirməyə çalışırlar.

Bundan başqa Levon Petrosyanın bir fikrini xatırlatmaq yerinə düşür. O, qeyd edir ki, erməni muxalifətinin ortaq lider kimi hakimiyyətə gətirmək istədiyi 74 yaşlı Vazgen Manukyanla Paşinyan arasındakı mübarizə bu cür davam edərsə, bu Ermənistan hökumətini uçuruma aparacaq və bir dövlət kimi mövcudluğu şübhə altına düşəcək. Bütün bunlar çox ciddi siqnallardır. Düşünürəm ki, Ermənistandakı bu xaos hələ uzun müddət davam edəcək”.

Gülnarə Abbasova, Editor.az

Loading...