Ermənistandan israrlı çağırış: Tezliklə sülh müqaviləsi imzalanacaq?- AÇIQLAMAbackend

Ermənistandan israrlı çağırış: Tezliklə sülh müqaviləsi imzalanacaq?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın indi ən qısa zamanda yekun sülh sazişinə nail olmaqdan başqa çıxış yolu qalmayıb. Halbuki, bu ayın əvvəllərində Paşinyan hakimiyyəti Azərbaycanla sülh danışıqları prosesindən çıxmağa çalışırdı. Ancaq rəsmi İrəvan daha sonra əmin oldu ki, ABŞ-ın, Fransanın və Avropa Birliyinin Ermənistana verdiyi təhlükəsizlik təminatı heç bir əhəmiyyət daşımır”.

Bunu Editor.az-a politoloq Elçin Xalidbəyli Ermənistan parlamentinin spikeri Alen Simonyanın Avropa Şurası parlament başçılarının Dublində keçirilən konfransında bir daha Qranada görüşündə sülhə ümid etdikləri ilə bağlı fikir səsləndirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Qərbdən gələn təzyiqlərə önəm vermir:

“Ermənistana təhlükəsizlik təminatı verənlərsə, öz vədlərini yerinə yetirmək imkanlarından uzaqdır. Ona görə də, Paşinyan hakimiyyəti anladı ki, Azərbaycanla sülh prosesindən tamamilə imtina etsə, bunun alternativi yeni savaş olacaq. Ermənistan isə bu savaşda Azərbaycanın qarşısında təkbaşına qalacaq, heç kim kömək edə bilməyəcək. Azərbaycan ordusunun Xankəndi və ətraf bölgədə reallaşdırdığı lokal antiterror tədbirlərindən sonra Paşinyan hakimiyyəti daha çox qorxuya düşüb. Beynəlxalq siyasi iradə mərkəzlərinin reaksiyası Azərbaycana problem yarada biləcək məzmun və keyfiyyətdə deyil. Paşinyan hakimiyyəti də bundan artıq nəticə çıxartmağa başlayıb. Ona görə də, rəsmi İrəvan hazırda israrla yekun sülh sazişinə nail olmağa can atır. Üstəlik, “Qarabağ mövzusu”nun da artıq birdəfəlik gündəmdən çıxarılması rəsmi İrəvan üçün yekun sülh sazişinin imzalanması imkanlarını artırır”.

Politoloq hesab edir  ki, yekun sülh sazişinin imzalanması indi Ermənistana daha çox lazımdır: “Hətta bu, Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Böyük ehtimalla Ermənistan tərəfi Qranada görüşündə Azərbaycanın bütün şərtlərini qəbul edəcək. Və yaxın aylarda yekun sülh sazişinin imzalanma ehtimalı qətiyyən istisna deyil”.

//Safura Bənnayeva, Editor.az