“Paşinyanın Rusiyanın regiondan çıxması ilə əlaqədar fikri Qərbin gələcək planı olduğu aydındır. 44 günlük Vətən müharibəsindən sonra Paşinyan Ermənistanın təhlükəsizliyinin Rusiyaya əmanət edildiyinin yanlış olduğunu bildirməsi əslində ikiüzlülükdür. Paşinyanın Qərbin adamı olduğunu isə bilməyən yoxdur”.
Bu sözləri Editor.az-a politoloq Azər Qasımov Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin edə bilməməsi və daha geniş regionda rolunu dayandırması ilə bağlı fikirlərinə Rusiyadan gələn reaksiya ilə bağlı şərhində deyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın Rusiyanın Cənubi Qafqazdan gedəcəyi fikri Rusiya-Ermənistan siyasi qarşıdurmasına işarədir:
“Ermənistan Rusiya münasibətlərinin görüntüdə siyasi gərginləşməsi fonunda iqtisadi münasibətləri dəfələrlə artıb. Ermənistanın gəlirləri Rusiyaya sanksiyalar səbəbindən reeksport yolu ilə mal göndərilməsi nəticəsində çoxalıb. Rusiya vətəndaşlarının Ermənistana kütləvi axını baş verib. Bununla yanaşı, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayanlardan çoxdur. Odur ki, Paşinyanın Rusiyanın Cənubi Qafqazdan gedəcəyi ilə əlaqəli fikrini populist çıxış adlandırmaq olar. Rusiya Cənubi Qafqazdan gedəcəksə belə, bu, Ermənistanın fəaliyyətinə görə olmayacaq. Təbii ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda mövcud olması üçün vasitə rolu oynayır, hətta Rusiya Ermənistanı bu məqsədlə yaradıb. Bununla yanaşı, Rusiyanın regionda mövcudluğunun başlıca səbəbi Ermənistanın Azərbaycana qarşı olan fəaliyyəti və destruktiv addımlarıdır. Bunlar olmasa Moskvanın regionda mövcudluğu üçün əsas amillərdən ən birincisi aradan qalxar”.
A. Qasımov hesab edir ki, Paşinyan belə bəyanat verməklə Rusiyanın regiondan getməsinə yox, Qərbdən daha çox dəstək qoparmağa yönəlik planları vardır:
“Rusiyanın ətraf regionlardan getməmək üçün Ukraynada hansı addımlar atdığı bir məqamda Paşinyanın Rusiya ilə əlaqəli fikri sadəlövlük deyil, erməni hiyləgərliyinin nəticəsidir. Proseslərin sona yaxınlaşdığını başa düşən erməni baş nazir bu yolla Qərbin dəstəyinə ümid edir. Azərbaycanın siyasi və hərbi çəkisi qarşısında Qərbin də aciz qaldığı bir şəraitdə Paşinyan son gedişlərini edir. Bu, onun üçün intihara bərabər gediş olsa da məcburiyyətdən atılan addımdır. Paşinyan da başa düşür ki, Azərbaycan regionda elə bir siyasi mühit yaradıb ki, Ermənistana hansısa cüzi köməyi Qərb edə bilər. Bu kömək də Azərbaycana təzyiqlər yolu ilə ola bilər. Sanksiya və ya demokratik mühit anlayışları üzərindən… Amma Qərbin buna gedəcəyi az ehtimal edilir. Azərbaycan regionda Qərb üçün Ermənistandan daha vacib partnyordur. Hər halda Paşinyan son cəhdlərini edir. Qərbin regionda son dayağı olan Paşinyan hakimiyyəti Ermənistan üçün yaxşı gələcək arzusu ilə erməni toplumunu Qərbə aparmağa çalışsa da, rus əsgərinin təpiyi altına salanda gec olacaq. Rusiyanın regiondan getməsinin əsas yolu Ermənistanın Qərbdən çox Azərbaycanın yanında olmasından keçir”.
//Gülnarə Abasova, Editor.az

