“Qərb, Amerika və Rusiya da Azərbaycan ilə Ermənistan arasındakı danışıqlarda irəliləyişə nail ola bilmirlər”.
Bu fikirləri Editor.az-a Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın gələcək günlərdə ya Brüsseldə, ya da Vaşinqtonda görüşə biləcəkləri ilə bağlı xəbərin ardınca Qarabağda baş verən təxribatlar arasındakı əlaqəni şərh edərkən bildirib.
Onun sözlərinə görə, tərəflərin bir-biriləri ilə təşəbbüs rəqabəti var:
“Son günlərdə Amerikadan verilən açıqlamada görüşün Vaşinqtonda baş tutacağı bildirilib. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da tərəflərin Moskvada görüş keçirilməsinə razılıq verdiyini qeyd edib. Hər iki görüşün baştutma ehtimalı var. Azərbaycan belə danışıqlardan çəkinmir, haqlı mövqeyini həmişə ortaya qoyur”.
Politoloq qeyd edir ki, 11 apreldə Ermənistan tərəfindən baş tutan təxribatın kimin tərəfindən sifariş edildiyini demək çətindir:
“Mövzu ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyan dünən parlamentdəki çıxışında da qərəzli fikirlər səsləndirdi. O qeyd edib ki, bu məsələnin səbəbkarları tapılıb cəzalandırılsın. Burada hansısa xarici qüvvələrin əli olduğuna diqqət çəkdi. Əgər kənardan kimlərinsə sifarişi ilə ordu təxribat törədirsə, bu, çox ciddi siqnaldır. Deməli orduya nəzarət edə bilmirlər. Hesab edirəm ki, cəbhə xəttində gərginliyin olması daha çox Ermənistanın maraqlarına xidmət edir. Çünki indiki şərtlərlə sülh müqaviləsinin imzalanması İrəvana qətiyyən sərf etmir. Onlar həm də qeyd edir ki, Azərbaycan “qeyri-qanuni tutduğu ərazilərdən” atəş açıb. Yəni bununla da rəsmi Bakının Şərqi Zəngəzurdan Qərbi Zəngəzura doğru atdığı addımların qarşısını almağa çalışırlar, ona görə də bu cür təxribatlar törədirlər. Sözügedən təxribat Ermənistanın daxili təşəbbüsü idi ki, müəyyən mövqeləri özlərinə qaytara bilsinlər. Çünki sülh müqaviləsi imzalandıqdan sonra onlar heç bir şey edə bilməyəcəklər”.
Akif Nağının fikrincə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yaxın zamanda imzalanmayacaq:
“Ziddiyyətli məqamlar çoxdur. Bir müddət əvvəl Ermənistan xarici işlər naziri Arorat Mirzoyannın səsləndirdiyi ilk 3 şərt Azərbaycan tərəfindən qəbul oluna bilməz. Bu şərtlərdən biri ərazi bütövlüyünün dəqiqləşdirilməsidir. Yəni Qarabağın ermənilər yaşayan hissəsini Azərbaycan ərazisi daxilinə salmırlar. Hərbi hissələrin sərhəd xəttindən geri çəkilməsi və orada hərbsizləşdirilmiş zona yaradılması məsələsini gündəmə gətirirlər. Bu kimi məsələlər hələ də qaldırılırsa, sülh müqaviləsindən danışmağa dəyməz. Moskva, Brüssel və ya Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşlər sülhün əldə olunmasına hesablanıb. Sadalanan şərtlər altında görüşlərin heç bir nəticəsi olmayacaq “.
//Safura Bənnayeva, Editor.az

