Ermənistanın blokada iddiasının pərdəarxası: Yalan ayaq tutsa da, yerimirbackend

Ermənistanın blokada iddiasının pərdəarxası: Yalan ayaq tutsa da, yerimir-TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyana növbəti dəfə cavab verib. Cavab bəyanatında qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 20 iyul tarixində hökumətin iclası zamanı çıxışında, Brüsseldə liderlər səviyyəsində keçirilmiş görüşə istinadən Laçın yolu ilə bağlı son 8 ay ərzində təkrarladıqları iddianı bir daha xüsusi vurğulaması Ermənistan tərəfinin bu məsələdən siyasi məqsədləri üçün istifadə etməklə yanaşı, son zamanlar irəliləməkdə olan sülh müqaviləsi danışıqlarına maneə törətmək niyyətini nümayiş etdirir”.

“Vətən müharibəsindən sonra Laçın yolunda Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyət sübut olunaraq, bu fəaliyyətin dayandırılmasına Azərbaycan tərəfindən çağırışlar edildiyi hər kəsə məlumdur. Bu fəaliyyətə məhəl qoyulmaması nəticəsində, Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunvericiliyi çərçivəsində Laçın sərhəd buraxılış məntəqəsini yaradaraq son bir neçə ay ərzində həm yüklərin, həm də erməni sakinlərin şəffaf və tənzimlənən qaydada keçidini təmin edib. Bu xüsusda, məntəqənin mövcudluğunun yolun bağlanması kimi təqdim edilməsi tamamilə yanlış yanaşmadır. Hətta Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarixli qərarı ilə Ermənistan tərəfinin məntəqənin aradan qaldırılması ilə bağlı müraciətini yekdilliklə rədd edərək, bu iddianın əsassız olduğunu təsdiq etdiyi məlumdur. Ermənistan tərəfinin 15 iyun tarixində məntəqəni atəşə tutması, Azərbaycan sərhədçisini yaralaması, qaçaqmalçılıq cəhdləri etməsi Ermənistanın son 30 ildə Azərbaycan ərazilərinə qarşı təcavüzü və qeyri-qanuni fəaliyyəti davam etdirmək niyyətini göstərib, bununla Laçın məntəqəsinin labüdlüyü bir daha təsdiqlənib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan tərəfindən təklif olunan “Ağdam-Xankəndi” yolunun yüklərin daşınması üçün vacib olduğu fikrinə məhəl qoymayan Ermənistan tərəfinin hər vəchlə bu yoldan imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının əsassız olduğunu və Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti davam etdirmək niyyətini sübut edir.

Azərbaycanın bölgədə “etnik təmizləmə” həyata keçirmək istiqamətində addımlar atdığı barədə Ermənistan tərəfinin iddiası olduqca yanlış və təhlükəlidir. Azərbaycanlılara qarşı kütləvi qırğınlar və deportasiyalar həyata keçirən Ermənistandan fərqli olaraq Azərbaycan heç zaman erməni sakinlərə qarşı etnik təmizləmə siyasəti həyata keçirməyib. Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistan baş naziri, erməni sakinlərin Azərbaycana reinteqrasiyasını təşviq etmək əvəzinə, dialoqun hansı formada həyata keçirilməsinə dair şərtlər irəli sürməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı addım kimi qiymətləndirilir və qəbuledilməzdir.

Azərbaycan və Ermənistanın sərhədləri hansı çərçivədə delimitasiya etməsindən asılı olmayaraq, Ermənistanın erməni silahlı qüvvələri tam olaraq Azərbaycan ərazisindən çıxarılmaq öhdəliyini yerinə yetirməməsi, əraziyə maliyyə dəstəyini davam etdirməsi və ərazi iddialarını müxtəlif məktublarda, bəyanatlarda və çıxışlarda vurğulaması şəraitində prosesin uğursuzluğa düçar olmasına çalışdığı hər kəsə aydındır və bu istiqamətdə manipulyasiyalar əsassızdır.

Azərbaycan tərəfi yuxarıda qeyd edilən istiqamətlər üzrə Ermənistan ilə sülh prosesinin təşəbbüskarı kimi, bölgədə sülh, sabitlik və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır və danışıqlar prosesində fəal tərəfdir. Ermənistan tərəfi sülhdə maraqlıdırsa, sülh prosesinə maneçilik törədən səylərdən əl çəkməlidir”, – XİN-dən qeyd olunub.
Öncə onu deyək ki, Laçın yolu ətrafında proseslər başlayan kimi Paşinyan və onun komandası bu məsələni, demək olar, bütün çıxışlarında xüsusi vurğulayırlar. Həmçinin sözügedən məqam erməni mətbuatında, ələlxüsus iqtidar mediasında qabardılır. Bu, konkret olaraq onu deməyə əsas verir ki, rəsmi İrəvan Laçın yolu ilə bağlı proseslərdən siyasi alət kimi istifadə etməyə çalışır.

Ermənistan özünün uydurduğu blokada yalanına dünyanı inandırmaq üçün bütün vasitələrdən istifadə edir. Lakin həqiqət ondan ibarətdir ki, heç bir blokadadan söhbət gedə bilməz. Bunu sübut edən edən faktlar var. Belə ki, Xankəndidən yayılan foto və videolardan aydın görünür ki, yerli əhali heç də “blokada” şəraitində yaşayana oxşamır.
İkincisi, Azərbaycana qərəzli mövqeyi ilə seçilən, bir sıra hallarda haqlı səsimizi eşitməyən və ya eşitmək istəməyən Fransanın əsas üzvlərindən biri olduğu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel belə, kifayət qədər adekvat təklif irəli sürüb. O, alternativ olaraq Ağdam – Xankəndi yolundan istifadə edilə biləcəyini təklif edib. Deməli, böhrandan söhbət gedə bilməz.

Üçüncüsü, Azərbaycan da Şarl Mişelin təklifi ilə razıdır. Yəni əgər lazımdırsa, biz Qarabağdakı etnik ermənilərə humanitar yardım göstərə bilərik. Lakin hələ ki, Azərbaycanın bu loyal mövqeyinə adekvat davranış sərgilənməyib. Əgər Qarabağdakı etnik ermənilər acından ölürlərsə niyə təklifimizi qəbul etmirlər? Bu sualın cavabı qarşı tərəfin riyakarlığının və qeyri – səmimiliyinin aydın təzahürüdür.

Dördüncüsü, Azərbaycan Qarabağdakı etnik ermənilərin reinteqrasiya prosesində maraqlıdır. Biz bu barədə mövqeyimizi dəfələrlə qarşı tərəfə çatdırmışıq. Təəssüf ki, onlar hələ də destruktiv siyasət yeridirlər. Əgər, həqiqətən, hansısa blokada yaranıbsa, sözsüz ki, bunun səbəbkarı Ermənistan hərbi- siyasi hakimiyyəti və qondarma rejimin havadarlarıdır. Bu məntiqlə Qarabağdakı ermənilər həm Ermənistandan, həm də onları dəstəkləyən digər qüvvələrdən, o cümlədən Rusiyadan əlini üzməli, Azərbaycanla konstruktiv dialoqa keçməlidir. Lakin bu da olmadı.

Aydındır ki, Ermənistan blokada iddiası ilə sülh müqaviləsinin imzalannamasına və ya prosesin uzanmasına nail olmaq istəyir. Eyni zamanda bu cür vəziyyət Qarabağdakı etnik ermənilərin Azərbaycana reinteqrasiyasına da mane olur və bütünlüklə sülh quruculuğu prosesinə zərbə vurur. Beləliklə, Ermənistan hərbi- siyasi hakimiyyətinin sülh perspektivində səmimi olmadığı bir daha üzə çıxır. Ümumiyyətlə, əgər Ermənistan sülhdə səmimi olsa idi, indiyədək 2020 və 2021- ci illərdə imzalanmış sənədlərin öhdəliklərini yerinə yetirər, Qarabağdakı terrorçuları ərazidən çıxarardı. Bu, vaxtında baş versə idi, yəqin ki, vəziyyət indiki kimi qəliz olmazdı.
Təəssüf ki, Ermənistan hərbi- siyasi hakimiyyəti bir çox hallarda olduğu kimi, yenə də gecikir. Bu isə mövcud durumun daha da gərginləşməsi ilə nəticələnə bilər.

//Kənan Novruzov, Editor.az