“Fransa yeritdiyi Azərbaycanfob, türkəfob siyasəti ilə özünün uzun illərdir davam etdirdiyi bədnam məqsədini üzə çıxartdı və əsl üzünü dünyaya bəyan etdi”.
Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov Fransanın Azərbaycana qarşı göstərdiyi qərəzli münasibətin arxasında dayanan əsas səbəblərlə bağlı suallarımızı cavablandırarkən deyib.
Onun sözlərinə görə, Fransa 30 ilə yaxın müddətdə Minsk qrupunun həmsədri olaraq Azərbaycan-Ermənistan münaqişəsini dondurmaq və ermənilərin xeyirinə həll etməyə çalışıb:
“Hələ bu azmış kimi bir sıra beynəlxalq platformalar da açıq bəyanatlarla çıxış etdi. Rəsmi Paris bu məsələdə açıq-aydın düşmən mövqeyini sərgilədi. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə Fransanın yuxusunu ərşə çəkdi. Baş verən hadisələr fonunda onu demək olar ki, Fransa Ermənistandan betər ermənilik edir. Bu münasibətin də tarixi kökləri var. Emannuel Makronun hakimiyyətə gəlişi ilə bu siyasət açıq müstəviyə keçdi. Yaxşı olar ki, bu gün rəsmi Paris hökuməti öz daxili işləri ilə məşğul olsun”.
Deputatın fikrincə, ölkə başçısı İlham Əliyev də zaman-zaman çıxışlarında Fransaya beynəlxalq hüququ, onun prinsiplərini izah edir: “Bunu bütün dünya görür. Baş verən hadisələr, Fransanın proseslərə fərqli prizmadan baxması artıq heç kimi təəccübləndirmir. Ermənistanın “böyük bacısı” bu kimi addımları ilə özünü gülünc vəziyyətə salıb. Nə onların bəyanatların, nə də fikirlərinə əhəmiyyət verilir. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da dəfələrlə bəyan edib ki, rəsmi Paris bu siyasətini dayandırmalıdır. Çünki bölgəyə sülhün gəlməsi üçün Azərbaycan və Ermənistan arasında sülh danışıqları getməlidir”.
//Safura Bənnayeva, Editor.az