“Bildiyimiz kimi Ermənistan tərəfi hər vəchlə sülhə mane olmaq istəyir. Nəinki sülhə mane olur, kritik vəziyyəti olduğu kimi saxlamaqda maraqlı görünür. Ermənistan və Azərbaycan arasında davamlı sülhün bağlanması, hər iki dövlətin qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmaması barədə rəsmi sənədin imzalanması çox vacibdir. Yalnız bundan sonra bölgədə iqtisadi münasibətlərin daha da səmərəli aparılması üçün kommunikasiyaların qarşılıqlı şəkildə açılması və genişlənməsi haqqında real danışmaq olacaq”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, Ermənistan sözdə sülhün tərəfdarı olsa da, əməldə davamlı sülhə getməkdən boyun qaçırır:
“Mən bunun əsas səbəbi kimi Ermənistanın siyasətinin daim belə məqsədsiz və uzaqgörən olmaması ilə əlaqələndirirəm. Həmçinin, Ermənistanda siyasi hakimiyyətin zəif olması, Ermənistan siyasi elitasına təsir edən xarici qüvvələrin olması, xüsusilə, Ermənistandakı revanşist qüvvələrə erməni diasporları tərəfindən verilən vədlər hesabına Ermənistanda daimi sabitlik yoxdur. Düşünürəm ki, siyasi sabitliyini təmin edə bilməyən Ermənistanın Baş naziri Nikol Paşinyan sülhlə bağlı addımlar atmaqdan çəkinir. Amma Ermənistanın bu məntiqsiz və mənasız manevrlərinin heç bir nəticəsi olmayacaq. Azərbaycan qısa müddətdə Ermənistanı sülhə imza atmağa məcbur edə biləcək. Ermənistan hakimiyyəti revanşist qüvvələrin əlində oyuncağa çevrilib. Əgər hakimiyyət öz siyasi iradəsini irəli sürə bilsə, sülh də, sabitlik də olacaqdır. Əks halda Ermənistanın bu məkrli siyasəti regionda uzun müddət sabitliyə, inkişafa çox mane törədəcək. Təbii ki, bu da ən çox Ermənistana ziyan gətirəcək”.
//Gülnarə Abasova, Editor.az

