“Ermənistanın son günlər həm Naxçıvan, həm də Kəlbəcər, Laçın istiqamətlərində hərbi texnika, artilleriya vasitələrini cəmləşdirməsi sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, prosesi uzatmağa çalışdığını göstərir. Rəsmi İrəvan Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşdırmağa çalışır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Ermənistan hərbi təxribatlarla bu təzyiqlərə nail ola bilməyəcəyini ya anlamır, ya da anlamaq istəmir:
” Ümumiyyətlə, Ermənistanın ötən gün kəşfiyyat -diversiya qrupunun bir üzvünün Kəlbəcərdə tutulması onu göstərir ki, təxribatlar tam planlı şəkildə həyata keçirilir. İrəvanın bu təxribatları heç bir nəticə verməyəcək. Azərbaycan Ordusunun gücünə artıq dünya bələddir. Məhz ötən gün də BMT-nin TŞ-da Ermənistanın diplomatik və siyasi həmləsi də fiaskoya uğradı. Ermənistan iki istiqamətdə Azərbaycana qarşı hücum hazırlayırdı; Qarabağ ,dövlət sərhədi istiqamətində və diplomatik cəbhədə isə BMT-nin TŞ-da. Məlum olduğu kimi Ermənistanın bütün cəbhələrdə cəhdləri iflasa uğrayır. Bu cəhdlər davam edərsə, Azərbaycan konkret olaraq Ermənistan üzərində növbəti dəfə hərbi və diplomatik qələbəsini qazanacaq. Aparılan bütün platformalarda danışıqların müsbət nəticələrini qarşı tərəf sabotaj etməkdə davam edir və buna görə ciddi məsuliyyət daşıyır”.
//Gülnarə Abasova, Editor.az

