Ermənistanın cahil cəsarəti: “Belə davam edərsə, Azərbaycan cavab tədbirləri görəcək”-Deputatbackend

Ermənistanın cahil cəsarəti: “Təxribatların intensivliyi artarsa, Azərbaycan ciddi cavab tədbirləri görəcək”-Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Son günlər şərqi Zəngəzur və Qarabağda ermənilərin tez-tez atəşkəsi pozması, terror cəhdləri, təxribatçı əməlləri intensivləşib. Bu ondan xəbər verir ki, xəstə təxəyyüllü ermənilər hələ də anlamır ki, hansı faciə ilə üz-üzədirlər. Ermənistan dövləti ciddi təhlükə qarşısındadır. İqtisadiyyatı çökən, ordusu darmadağın olmuş ölkə hansı cəsarətlə təxribatlara davam edir? Ordusunda 10 mindən yuxarı fərarisi olan ölkə təxribatçı əməllərindən əl çəkmirsə, bu sadəcə ağılsızlıqdır, cahil cəsarətidir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi xaricdə isti yerlərində oturub Ermənistanı təxribata sövq edən lobbilərin və onları himayə edən bir neçə dövlətin əlində maşa rolunu oynayır:

” Belə addımları ilə Ermənistan hakimiyyəti düşünür ki, sülh müqaviləsinin bağlanmasından yayına biləcək. Digər tərəfdən əsas məqsədlərdən biri Minsk qrupunu yenidən dirçəltməkdir. Lakin Ermənistan rəhbərliyi dərk etmir ki, göstərdiyi cəhdlərin hər biri, atdıqları addımlar sonda Ermənistanın özünü daha da çətin vəziyyətə salacaq. Ermənistan bu gün təxribatçı hərəkətləri ilə Rusiya sülhməramlı qüvvələrinin Qarabağda fəaliyyətini də gözdən salmaq istəyir. Onların Qarabağda vəzifələrinin öhdəsindən gələ bilmədiklərini göstərərək Minsk Qrupunu proseslərə cəlb etmək istəyir. Ermənistan hələ də başa düşmür ki, artıq münaqişə həll edilib. “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Ona görə də Minsk qrupuna artıq ehtiyac yoxdur. Minsk qrupu yalnız açılacaq Zəngəzur dəhlizinin texniki məsələləri, sərhədlərin delimitasiya və demakrasiya, sonda sülh müqaviləsinin imzalanmasına hazırlıq işlərinin görülməsində iştirak edə bilər. Digər məsələlərdə artıq Minsk qrupunun roluna ehtiyac yoxdur. Ona görə də atdığı hər bir təxribatçı addım Ermənistanın öz ziyanına işləyir. Ölkə başçısı cənab İlham Əliyevin söylədiyi kimi, “Dəmir Yumruq” hər zaman yerindədir və Ermənistanın təxribatları davam edərsə, Azərbaycan özünü müdafiə hüququ çərçivəsində cavab tədbirləri həyata keçirəcək. Azərbaycan Ordusu öz ərazisində antiterror əməliyyatları həyata keçirə bilər”.

//Gülnarə Abasova, Editor.az