“19-20 sentyabr tarixində keçirilən lokal xarakterli antiterror tədbirlərdən sonra Ermənistan və separatçılar yeni bir çirkin plan üzərində işlədilər. Onlar erməniləri ərazilərimizdən kütləvi şəkildə çıxardaraq bunu etnik təmizlənmə kimi qələmə verib beynəlxalq missiyaları ərazilərimizə gətirmək və ölkəmizi sanksiyalara məruz saxlamağı planlaşdırmışdılar. Amma Azərbaycan proseslərə çox səbrlə yanaşdı və heç bir təxribata yol vermədi. Əksinə Qarabağda yaşayan ermənilərə dini, mədəni, dil, təhsil, bələdiyyə və digər hüquqları qanunlarımızla təmin ediləcəyini deyərək heç kimin ərazilərimizi tərk etməyinə ehtiyacın olmadığını bəyan etdi”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, etnik təmizlənmə güc yolu ilə insanları yaşayış yerini tərk etməyə məcburetmədir:
“Azərbaycan bu gün də Qarabağın erməniəsilli sakinlərinə geri qayıdaraq vətəndaşlığımızı alıb bütün vətəndaşlarımız kimi yaşaya biləcəyini bildirir. Bununla yanaşı dövlətimiz heç kimi zorla ərazilərində yaşamağa məcbur etmir. Ona görə də ermənilərin yaşayış yerinin seçiminə hörmətlə yanaşaraq ərazilərimizi tərk etmək istəyənlərə təhlükəsiz dəhliz yaratdı və hətta yolda qida verməklə öz dəstəyini göstərdi. Həm də antiterror tədbirləri başa çatan kimi Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərə hər gün yardımlar göndərərək onların humanitar məsələlərin həll edilməsinə başladı. O cümlədən, BMT-nin müşahidə missiyasını ərazilərimizə dəvət edərək baş verən proseslərlə yerindəcə tanış olmaq imkanı yaratdı. Nəticədə BMT-nin monitorinq missiyası və ABŞ Dövlət Departamenti Qarabağ ərazisində heç bir təzyiq və məcburetmə izləri aşkar olunmadığından etnik təmizlənmədən söhbət gedə bilməyəcəyini bəyan etdi. Beləliklə, Ermənistanın çox ümid etdiyi ermənilərin ərazilərimizi kütləvi şəkildə çıxmasına etnik təmizlənmə donunu geyindirmək planları iflasa uğramış oldu. Ermənistan öz çirkin niyyətlərindən əl çəkərək Azərbaycanla sülh müqaviləsi imzalayıb qonşuluq münasibətlərinin yaranmasına təşəbbüs göstərsə, bu, ilk növbədə onların özləri üçün vacibdir. Əks halda bu toplumun gələcəyi olmayacaq”.
//Gülnarə Abasova, Editor.az

