“Ermənistanın hazırki davranışları onu göstərir ki, sülh hələ də yaxın deyil”- Oqtay Qasımovbackend

“Ermənistanın hazırki davranışları onu göstərir ki, sülh hələ də yaxın deyil”- Oqtay Qasımov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında hazırda sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar prosesində durğunluq müşahidə edilir. Ehtimal olunur ki, Almatı görüşündən sonra bu həftə Vaşinqtonda keçiriləcək NATO zirvəsində əgər Azərbaycan və Ermənistan xarici işlər nazirləri də iştirak edəcəklərsə, orada bu danışıqlar aparıla bilər. Ancaq danışıqların da prosesi ciddi şəkildə sürətləndirə biləcəyi ehtimal olunmur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq 10-cu dəfə sülh müqaviləsi ilə bağlı təkliflərini Ermənistana göndərir, lakin qarşı tərəfdən hələ də cavab yoxdur:

“Baxmayaraq ki, Ermənistan tərəfindən 1 ay ərzində sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı bəyanatlar verilir. Ancaq bu, sadəcə beynəlxalq rəyə hesablanmış açıqlamalardır. Belə ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əsas şərt Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsidir. Çünki həmin Konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları əks olunub. Bundan başqa Ermənistanın digər qanunvericilik aktlarında da Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapıb. Rəsmi Bakı yalnız bu məsələlərin həllindən sonra sülhün mümkünlüyünü bəyan edir. Bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı mövqeyimizi konkret şəkildə bildirib. Azərbaycan Konstitusiya dəyişikliyinin müəyyən qədər zaman alacağını nəzərə alaraq Ermənistana alternativ variant təklif edir ki, iki ölkə əsas prinsiplər üzrə razılaşma əldə etsin və bu məsələlər üzrə sənəd imzalansın. Konstitusiya dəyişikliyinin həyata keçirilməsi üçün referenduma hazırlıqla bərabər sülh ilə bağlı danışıqlar da davam etdirilməli, sənədlər hazırlanmalıdır. Bu baxımdan yaxın müddətdə bir neçə ay ərzində sülh müqaviləsinin imzalanmasını real hesab etmirəm. Prosesə əsas əngəl Konstitusiya dəyişiklikləri ilə bağlı olacaq məsələlərdir. Təbii ki, Ermənistan siyasi iradə və prinsipiallıq nümayiş etdirsə, konstruktiv olsa, qısa müddətdə sülh sazişi imzalana bilər. İlk olaraq əsas prinsiplər üzrə çərçivə sənədi imzalana bilər. Ancaq Ermənistanın hazırki davranışları onu göstərir ki, sülh hələ də yaxın deyil”.

//Gülnarə Abasova, Editor.az