Ermənistanın İKİLİ OYUNLARI: Paşinyanın Rusiyanı tənqid etməkdə məqsədi nə idi?- AÇIQLAMAbackend

Ermənistanın İKİLİ OYUNLARI: Paşinyanın Rusiyanı tənqid etməkdə məqsədi nə idi?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın ikili oyunları iki ilə yaxındır reallaşması gündəmdə olan Zəngəzur dəhlizinin açılmasını əngəlləyir. Son zamanlar baş verən hadisələri təhlil edərkən əslində prosesin birmənalı olaraq dar kontekstdən daha geniş kontekstə keçdiyini görürük. Yəni, Qarabağ məsələsindən Zəngəzur dəhlizinin açılmasına keçid, bu keçid prosesində məsələlərlə bağlı region ölkələrinin və beynəlxalq güclərin sərgilədikləri mövqe ilə bağlıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, müxtəlif ssenarilər üzrə vəziyyəti irəli aparmaq baxımından çalışmaq üçün hər cür üsul və vasitələrə əl atılsa da məlum məsələdir ki, bir nəticə əldə olunacaq:

“Bu konkret nəticə isə birmənalı olaraq Zəngəzur dəhlizinin açılması olacaq. Gec-tez region ölkələri də, beynəlxalq güclər də buna razı olacaqlar. Daha da aydın görünür ki, son günlər baş verən bütün hadisələr zəncirvari şəkildə bir-birilə bağlıdır. Region ölkələrinin özünün arasında fikir ayrılıqları varsa, digər tərəfdən də beynəlxalq güclər regionda maksimum dominantlıq əldə etmək uğrunda qızğın savaş içindədirlər. Rusiya, Ermənistan, İran, Azərbaycan, Türkiyə kontekstindən məsələlərə toxunsaq birincisi, mütləq onu qeyd etmək lazımdır ki, Rusiya tərəfi konkret mövqe ortaya qoymalıdır. Yəni, üçtərəfli bəyanatda erməni silahlı qruplaşmalarının çıxardılması sülhməramlıların yerləşdirilməsi ilə paralel olmalı idi. Olmadır, gecikir, üstəlik də təxribatlarda sülhməramlılar qəti mövqe ortaya qoymur. Bunun səbəbi həm də Ermənistanın Rusiyadan maksimum asılılığını təmin etməkdir ki, Qərbə qəti meyil etməsin. Digər tərəfdən Rusiya iqtisadiyyatı çox ağır vəziyyətdədir. Bu baxımdan da iqtisadi boşluğu Zəngəzur dəhlizi vasitəsilə doldurmaq istəyir”.

Siyasi şərhçi onu da qeyd edib ki, son zamanlar Qərb bloku ilə yaşanan hadisələr fonunda Türkiyəyə ehtiyac daha da artıb, artım prosesi də davam edir:

“Sərgilədiyi mövqe ilə Rusiya bilir ki, regionda konstruktiv siyasət yürüdən dövlət Azərbaycandır. Ermənistan alət kimi istifadə olunsa da Azərbaycanın Rusiyaya verəcəyi fayda daha çox olacaq. Enerji amili məsələsində Azərbaycanın ölçülü və balanslı siyasəti, Türkiyənin də Azərbaycanın yanında qəti dayanması Rusiyanı regiona nəzarəti davam etdirmək baxımından digər tərəfdən də Ermənistanı da yanında saxlamaq üçün davamlı səy göstərməyə vadar edir. Paşinyanın da Rusiyanı günahlandırması Ermənistanın bir az boşluq dərinləşən kimi ata biləcəyi addımlardan Rusiyanı agah edir. Hər bir halda aydın gördüyümüz reallıq odur ki, Rusiya həm də Ermənistanın illərlə məqsədli şəkildə formalaşdırılan siyasətindən istifadə etməklə ipləri maksimum öz əlində saxlayır. İrana gəldikdə isə zənnimcə, İran hesab edir ki, hər bir halda Rusiya Zəngəzur dəhlizinin açılmasına ən azından ilk növbədə öz maraqları üçün məcbur qalıb razı olacaq. Belə olan məqamda Türkiyə, Azərbaycan regionda daha da qabarıq şəkildə üzə çıxacaq, bundan sonra baş verəcək hadisələrin lokomotivi qismində çıxış edəcəklər. Buna görə də Ermənistanın bir dövlət kimi terroru illərlə dövlət siyasəti səviyyəsinə qaldırması, daha da dəqiq ifadə etsək qaldırmasının müəyyən zaman və situasiyalarda digər aktorlara da xeyir etməsi fonunda vəziyyət bilərəkdən məqsədli şəkildə belə gərginləşdirilir. Hər bir halda Ermənistan hələ də Rusiyanın təsir dairəsindədir. Rusiyanın Qərblə maraqları ən pik və kəskin səviyyədə regionumuzda toqquşsa belə Ermənistanı öhdəlikləri icra etməsinə vadar etməsi baxımından dominantlığı var. Odur ki, Rusiya üçtərəfli bəyanatın icra olunmasında Ermənistana maksimum təzyiq etməli və sülhməramlılar öz vəzifə səlahiyyətlərinə tam ciddi yanaşmalıdırlar. Yanaşmadıqları, Ermənistan öhdəlikləri icra etmədiyi təqdirdə “Qisas” əməliyyatımız həm Ermənistana, həm də onun bütün havadarlarına, vəziyyəti maksimum öz xeyirləri istiqamətində idarə etməyə çalışan bütün aktorlara Azərbaycanın gücünün, qətiyyətinin əyani təzahür formasıdır”.

//Gülnarə Abasova, Editor.az