Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri AÇIQLANDIbackend

Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab Prezident çıxışlarında bir neçə dəfə qeyd edib ki, Vətən müharibəsi zamanı Azərbaycanın uğurlu əməliyyatlarından biri Ağdam istiqamətində olub”.

Editor.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində söyləyib.

“Ermənistan silahlı qüvvələrinin böyük bir birləşməsi – bizim hesabımızla təxminən 15-18 min nəfərlik şəxsi heyət mühasirəyə düşmüşdü. Biz bu əməliyyatı yekunlaşdırmaq üçün mühasirəyə düşən həmin hərbi birləşmələrin ətrafına toplarımızı, raket sistemlərimizi yığmışdıq və artıq onların zərərsizləşdirilməsi üçün tədbirlərə başlayırdıq. Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri də bu idi. Möhtərəm cənab Prezident insanpərvərlik göstərdi və mühasirəyə düşənlərin məhv edilməsinə imkan vermədi. Ona görə də bax, mühasirəyə düşmüş həmin kontingent üçtərəfli Sazişə əsasən Azərbaycanın ərazisini dərhal tərk etməli idi. Ancaq onlar bunu etmədilər, əksinə, təxribatlara əl atdılar, mövqelərini gücləndirməyə başladılar”.

Nazir onu da vurğulayıb ki, antiterror əməliyyatlarının keçirilməsi üçün səbəblərdən biri təxribatların törədilməsi, qanunsuz seçkilərin keçirməsi idi:

“Xüsusi qeyd etmək istəyirəm, möhtərəm Prezident daim deyir ki, mən yaxşı bilirəm nəyi nə vaxt etmək lazımdır. Prezident bütün güc strukturlarının rəhbərliyini toplayıb tapşırıq verəndə bir neçə məsələyə xüsusi diqqət yetirirdi. İlk növbədə, orduya aid təbii olaraq mənə tapşırıq verildi ki, heç bir mülki şəxsə, heç bir mülki obyektə zərbə endirilməsin. Ordu heç bir yaşayış məntəqəsinə daxil olmur. Ordu ancaq və ancaq hərbi birləşmələrə qarşı fəaliyyət göstərir. Digər qurumların rəhbərlərinə – Daxili İşlər Nazirliyinə, xüsusi xidmət orqanlarına, Sərhəd Qoşunlarına tapşırıqlar vermişdi. Qeyd edim ki, bu tapşırıqlar hamısı düzgün verilmişdi. Beynəlxalq qurumların nümayəndələri gəlib bunların hamısını gördülər. Bununla yanaşı, demək istəyirəm ki, hörmətli Birinci vitse-prezident də humanitar məsələlərə çox ciddi fikir verməyi tapşırmışdı və nəzarətdə saxlayırdı. Antiterror əməliyyatından əvvəl, yəni, kütləvi zərbələrdən əvvəl Qarabağ iqtisadi zonasında yaşayan ermənilərə bir saat əvvəlcədən xəbər verilmişdi ki, hərbi obyektlərdən uzaq dursunlar. Görün, Azərbaycan necə humanistlik nümayiş etdirir. Bu da onu göstərdi ki, Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı ancaq və ancaq erməni silahlı qüvvələrinə qarşı idi. Bilirsiniz, bu yaxınlarda özləri də təsdiqlədilər ki, Qarabağ zonasında yerləşən hərbi birləşmələr erməni silahlı qüvvələrinin tabeliyində olan qurumlar idi”.

“Mən bir məsələyə də toxunmaq istəyirəm. Bu əməliyyatdan sonra biz külli miqdarda silah-sursat, texnika, 100 mindən çox atıcı silah qənimət götürdük. Bu, nə deməkdir? Bu o deməkdir ki, onlar burada səfərbərlik ehtiyatları yaratmışdılar. Bunların planına əsasən, əgər burada müharibə başlayacaqdısa, onlar Ermənistanın səfərbərlik ehtiyatlarını buraya gətirəcəkdilər və buradakı səfərbərlik ehtiyatlarından istifadə edəcəkdilər. Yəni, biz bunların hamısını artıq bildik və tədbirlərimizi gördük. Bununla yanaşı, antiterror əməliyyatı ilə əlaqədar onu da demək istəyirəm ki, bu əməliyyat çox yüksək səviyyədə təşkil olunmuşdu, xüsusilə də şəxsi heyətin qarşılıqlı əlaqəsi planlaşdırılmışdı və həyata keçirilmişdi. Bütün qurumlar – idarəedici qurumlar, qoşun növləri vəzifələrini o qədər düzgün dərk etmişdilər və peşəkarlıqla icra etmişdilər ki, hər yerdə bir gün deyilir. İndi mən sizə deyəcəyəm Ermənistan silahlı qüvvələri Qarabağ iqtisadi zonasında neçə saata darmadağın olmuşdu. Möhtərəm cənab Prezidentin tapşırığı ilə bütün bu əməliyyatlar təhlil edilmişdi. Ona görə də indi mən antiterror əməliyyatından danışaraq deyəcəyəm ki, Azərbaycan Ordusu necə peşəkarlıq nümayiş etdirib. Hətta dünyanın aparıcı dövlətləri, hərbi qulluqçuları maraqlanırlar və fikirlərini bildirirlər. Təbii, bu sevindirici haldır ki, biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Açığını deyək ki, biz bu Qələbəni Ali Baş Komandanımızın möhkəm iradəsi nəticəsində əldə etdik”, – deyə Z.Həsənov vurğulayıb