Dekabrın 1-də ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında iştirak etmək üçün Polşada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.
Nazir Mirzoyan həmsöhbətinə regiondakı kövrək təhlükəsizlik vəziyyətini təqdim edib və qeyd edib ki, Azərbaycanın davamlı təcavüzləri və aqressiv ritorikası beynəlxalq humanitar hüququn fundamental müddəalarını, BMT Nizamnaməsini və Helsinki Yekun Aktını kobud şəkildə pozur.
Bu görüşdən əvvəl Ermənistanın bir nömrəli dəstəkçisi Fransa Azərbaycana qarşı qərəzli qətnamə qəbul etmişdi. Maraqlıdır ki, ard -arda belə addımların atılmasının məqsədi nədir?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov bildirdi ki, Ermənistanın attığı bu kimi əsassız addımlar ilk dəfə deyil:

“30 il Azərbaycan torpaqlarının işğal altında qaldığı müddətdə biz eyni ssenarilərin şahidi olmuşuq. 10 noyabr 2020-ci il tarixli bəyanat, 11 yanvar 2021-ci il tarixli Moskva bəyanatı, 26 noyabr 2021-ci il Soçi bəyanatı, 31 oktyabr 2022-ci il növbəti Soçi bəyanatı və Brüssel formatında qəbul olunan razılaşma və Çexiyanın Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında Ermənistan baş naziri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün həm BMT nizamnaməsinə, həm də “Almatı” bəyantına görə qəbul edilməsinə zidd addımlar atan Ermənistan Azərbaycanı heç bir fəaliyyətdə günahlandıra bilməz. ABu bəyanatlarda regiondakı vəziyyətlə ciddi şəkildə maraqlanmaq istəyən dövlət və təşkilatlar olarsa, onlar hər iki tərəfin addımlarına baxmalıdırlar. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qalib gəlməsi, Ermənistanın isə kapitulyasiya aktını imzalamasına baxmayaraq Azərbaycan rəsmiləri, xüsusilədə prezident İlham Əliyev sülh təşəbbüsləri ilə çıxış edir. Amma rəsmi İrəvan məğlub olmasına baxmayaraq ölkəmizə qarşı şərtlər irəli sürür. 11 mart 2022-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana 5 şərtli təklif irəli sürdü . Həmin o təkliflər baza prinsipləri özündə əks etdirirdi. Bu şərtlər Ermənistan xalqının da maraqlarına xidmət edirdi. İrəvan şərtləri qəbul etsə də reallaşdırmaq istiqamətində addımlar atmayıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu istiqamətdə fikirlər səsləndirir. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan daxilində baş verən proseslər fonunda erməni rəsmilərinin bir neçə gün sonra ziddiyyətli fikirlər səsləndirə bilərlər. Azərbaycanla sülh sazişini imzalamağa hazır olduqlarını bildirə bilərlər. Fikir müxtəlifliyi Ermənistan daxilində vahid mövqenin mövcud olmadığını göstərir. Fransa və Ermənistanın “bacı” siyasəti Azərbaycanın maraqlarına zidd olaraq həyata keçilir. Fransa və digər ermənipərəst mövqedə olan ölkələr təmsil olunduqları hər bir platformanı Azərbaycana qarşı hansısa addımın atılmasına səbəb olmağa çalışırlar. Ermənistan sülh sazişinin imzalanmasına mane olmağa çalışır. Əgər sülh müqaviləsi imzalanmazsa, məcburetmə əməliyyatı vasitəsilə bunu reallaşdırmağa çalışacağıq”.
//Safura Bənnayeva, Editor.az

