“Ermənistan rəsmilərinin zaman-zaman verdiyi açıqlamalar bəzən reallığı əks etdirsə də bir çox halda həqiqətə uyğun deyil”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentin iclasında Azərbaycanla sülh nizamlanması üzrə üç əsas prinsipin razılaşdırıldığını və sərhədlərin Alma-Ata Bəyannaməsi əsasında delimitasiyasının baş tutması ilə bağlı səsləndirdiyi fikirlərə, burada rəsmi İrəvanın güddüyü əsas məqamlarla bağlı suallarımıza cavab verərkən deyib.
Onun sözlərinə görə, Ermənistan rəsmiləri son günlərdə müsbət açıqlamalar səsləndirirlər:
” Rəsmi İrəvanın bu dəfə yalnız sözdə deyil, əməldə də real addımlarının şahidi olmağa ümid edirik. Azərbaycan dəfələrlə sərhədlərin delimitasiya və demarkasiyası məsələsində, eləcə də sülh müqaviləsinin imzalanması istiqamətdə mövqeyini açıq-aşkar bəyan edib. Rəsmi İrəvanın 1975-ci il xəritəsini ardınca xüsusilə Alma-Ata bəyannaməsini gündəmə gətirməkdə bir çox marağı var. Ermənistan bu mövzuda ciddi narahatlıq keçirir. Buna görə də tez-tez sözügedən məsələ gündəliyə çıxarılır”.
Deputatın fikrincə, Ermənistan bu gün Azərbaycanın öz tarixi torpaqlarına iddia qaldırması ehtimalından çox narahatdır:
” Qərbi Azərbaycandan, İrəvandan çoxlu sayda azərbaycanlı vaxtilə deportasiya edilib. Bu gün ermənilərdə belə narahatlıq var ki, rəsmi Bakı həmin məsələni qaldıra bilər. Ona görə də ard-arda bu istiqamətdə açıqlamalar verirlər. Həmin çıxışlarda da əslində öz mövqelərini ortaya qoyurlar. Azərbaycan qısa müddətdə sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Tezliklə həmin prosesin uğurla başa çatacağına inanırıq”.
//Safura Bənnayeva, Editor.az

