İSTİQAMƏT: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
“BMT-nin ötən günkü iclası Ermənistanın və ermənipərəstlərin növbəti məğlubiyyəti ilə nəticələndi. Azərbaycan diplomatiyası özünün məharətini bir daha dünyaya sübut etdi. Erməni lobbisinin bütün cəhdləri də hədər getdi. Bir sözlə, qazdıqları quyuya elə özləri də düşdü. Ermənistan rəhbərliyi artıq ümid bağladığı beynəlxalq qurumlardan və xarici havadarlardan əlini üzməli, doğru yola, yəni Azərbaycanla sülhə gəlməlidir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili bildirib ki, bütün reallıqlar rəsmi İrəvana Bakı ilə münasibətləri sağlamlaşdırmaqdan başqa yol olmadığını göstərdi:
“Artıq beynəlxalq aləm istəsə də həqiqətlərə gözünü yuma bilməz, çünki Azərbaycan hökuməti bütün reallıqları açıq-aşkar faktlarla göstərir və hər kəsdən də buna susmamağı tələb edir. Ermənistanın ənənəvi qurban cildinə girmək cəhdi bu dəfə də Azərbaycan nümayəndə heyəti tərəfindən dəf edildi. Həm artıq dünya da ermənilərin bu hiyləsindən təngə gəlib desək yerinə düşər. Müzakirələr, Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi. Ermənistan bu iclasda dəstək gözlədiyi dövlətlərdən açıq mövqe görməyi onun üçün bir zərbə oldu. Rusiya bəlkə də Ermənistanın ən çox dəstək gözlədiyi dövlətlərdən idi. Amma Rusiya nümayəndəsinin çıxışında “Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi ikitərəfli dialoqda Azərbaycanın qanunvericiliyinə uyğun aparılmalıdır” ifadəsi təqdirəlayiq idi”.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a bildirib ki, BMT TŞ-nın Ermənistanın tələbi ilə çağırılan iclasında erməni diplomatiyasının fiaskosu o qədər açıq və aydındır ki, bunu onların özləri belə etiraf edirlər:
“İclas bitdikdən sonra erməni KİV-lərindəki vəziyyət, gölə atılan daşdan sonrakı səssizliyi xatırladırdı. Hətta diplomatik fiaskonun nəticəsində Ermənistan baş nazirinin və qondarma rejim başçısının istefa verəcəkləri xəbərləri belə yayıldı. BMT TŞ-nın iclasının nəticələri bir daha göstərdi ki, Azərbaycan dövləti hərbi sferada nə qədər güclüdürsə, diplomatik meydanda da bir o qədər güclü və hazırlıqlıdır. Təhlükəsizlik Şurasının demək olar ki, əksəriyyəti öz çıxışlarında humanitar yardım məsələsini siyasiləşdirməməyə, alternativ yollardan istifadə etməyə, biri-birinin ərazi bütövlüyünə hörmət etməyə çağırış etdilər ki, bunun da ünvanı təbii ki,Ermənistan dövlətidir. Azərbaycanın BMT-dəki nümayəndəsi cənab Y. Əliyev tutarlı arqumentləri, foto faktları, ən önəmlisi, səmimi çıxışı ilə erməni yalanlarını ifşa etdi. BMT TŞ-nın iclası nəinki heç bir qərar qəbul etmədi, heç səsvermə belə keçirilmədi. Necə deyərlər ” yığışdılar, danışdılar, dağılışdılar”. Hansı ki, Ermənistan diplomatiyası bütün gücü ilə düz dörd ay idi ki, TŞ-nın iclasınının keçirilməsinə hazırlaşırdı”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.