Ermənistanın proseslərə Qərbi cəlb etməyə çalışması Rusiya tərəfindən hiddətlə qarşılanır- POLİTOLOQbackend

Ermənistanın proseslərə Qərbi cəlb etməyə çalışması Rusiya tərəfindən hiddətlə qarşılanır- POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin nəticəsinə uyğun olaraq yenidən rəsmi şəkildə baş nazir oldu. Baş nazir postuna seçilməsindən sonra onu ilk təbrik edənlər arasında Rusiya Prezidenti Vladimir Putin oldu. Putin təbrikdə Ermənistanın yeni hökumətinin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmlənməsinə töhfə verəcəyini ümid etdiyini bildirib. Bu təbrikdə Putin açıq siyasi mesajlar verdi. Yəni, o Ermənistana bildirdi ki, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin sabitliyi təmin etməkdən başqa alternativi yoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O, bildirib ki son dövrlər Ermənistan -Azərbaycan sərhədində Ermənistan tərəfindən davamlı şəkildə atəşkəs pozulur:

“Ermənistan bununla Cənubi Qafqaza digər beynəlxalq münasibətlərin subyektlərini cəlb etməyə çalışır. ATƏT-in Minsk qrupunun dirçəldilməsi istiqamətində səy göstərir. Bununla da məsələni regional xarakterdən uzaqlaşdıraraq qloballaşdırmağa çalışır. Ermənistanın baş naziri yalnız öz milli maraqları mənafeyi istiqamətində addımlar atır. Gah ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan-Ermənistan sərhədinə, gah KTMT-nin müşahidəçilərinin regiona cəlb olunması istiqamətində bəyanatlar səsləndirməklə, eyni zamanda Rusiyanın silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinə cəlb olunması və 102-ci bazanın yaradılması istiqamətində Paşinyan manevrlər etməyə çalışır. Ermənistanın proseslərə Qərbi cəlb etməyə çalışması Rusiya tərəfindən də hiddətlə qarşılanır”.

İlyas Hüseynov qeyd edib ki, Ermənistanın 10 noyabr və 11 yanvar bəyanatlarını icra etməkdən başqa yolu yoxdur:

“Bu bəyanatların maddələrinin icrası məcburi xarakter daşıyır. Putinin Paşinyana ünvanladığı təbrik mesajında da açıq şəkildə bildirdi ki, sülhün dayanıqlı olması üçün Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu istiqamətdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi, 10 noyabrda imzalanmış üçtərəfli beyanatın 9-cü maddəsinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Ermənistanın Rusiya ilə münasibətlərində asılılığını nəzərə alsaq, Putin yenidən Paşinyan hakimiyyətini qorumaqla Cənubi Qafqazda öz geosiyasi maraqlarını və nüfuzunu genişləndirəcək. Bu istiqamətdə Rusiya tərəfindən Ermənistana təzyiqlərin də olacağı məlumdur. Ermənistanda artıq yeni hökumət rəsmən fəaliyyətə başlayıb və dünəndən müşahidə edirik ki, bir sıra dövlət postlarına artıq Paşinyan öz namizədlərini təyin edir. Biz bu hökumətdən regional sülhün möhkəmləndirilməsi istiqamətində əməli- praktiki addımlar gözləyirik. Əks təqdirdə, Ermənistan regionda gərginliyin artmasına səbəb olacaq addımlar atmağa davam edərsə, bu onlar üçün sonun başlanğıcı olacaq”.

//Gülnarə Abasova, Editor.az

Loading...