Ermənistanın Qərbdən idarə olunan destruktiv addımlarıbackend

Ermənistanın Qərbdən idarə olunan destruktiv addımları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsi son zamanların əsas müzakirə mövzusu idi. Ermənistanın işğal altındakı 8 kəndi Azərbaycana təhvil verəcəyi gözlənilirdi. Həm rəsmi Bakı, həm də İrəvan sülhlə bağlı müsbət mesajlar verirdilər. Amma sanki birdən-birə “sehrli çubuq” işə düşdü və iki ölkə arasında formalaşmaqda olan münasibətləri yenidən gərginləşdirməyə cəhd göstərildi.

Ermənistan silahlı qüvvələri təxminən bir həftədir ki cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozur. Məsələn, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Oxşar hallar əvvəlki günlərdə də olub.

Diqqətçəkən məqamlardan biri də odur ki, Ermənistanın hərbi təxribatları Qərblə birbaşa təmaslarının olduğu vaxta təsadüf edir. Belə ki, aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa İttifaqının (Aİ) təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrell və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə keçirilən görüş ərəfəsində Azərbaycanla sərhəddə təxribatlar törədildi.

Məsələ orasındadır ki, Qərb heç vaxt Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı olmayıb. ATƏT-in keçmiş Minsk Qrupunun 30 illik fəaliyyəti dövründə də bu, aydın görünüb. Belə ki, qrupda təmsil olunan Qərbin iki aparıcı dövləti – ABŞ və Fransa uzun illər heç bir əməli addım atmayıb. Parisin, Vaşinqtonun sülh prosesinə “töhfəsi” sadəcə səfərlər və tərəfləri atəşkəsə səsləyən quru bəyanatlarla məhdudlaşıb.

ABŞ və Avropa İttifaqı bu gün də bütün imkanları ilə regiondakı təsir imkanlarını gücləndirməyə çalışır. Qərb başa düşür ki, bunu ancaq konfliktlə təmin edə bilər. Bölgədə sülhün təmin olunması, Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması isə üçüncü güclərin regiona müdaxiləsinin qarşısının alınması deməkdir. Elə buna görə də Qərb sülhün qarşısının alınmasına çalışır.

Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, Ermənistanın destruktiv addımları Qərbdən idarə olunur.

Əlbəttə, rəsmi İrəvan bölgədə ehtimal olunan yeni hərbi toqquşmanın ağır nəticələrini başa düşür. Bunlar təkcə Ermənistan ordusunun tamamilə məhvi deyil, həm də ölkə daxilində hakimiyyətə qarşı etirazların başlanması və mövcud iqtidara qarşı təhdidlərin yaranması riskidir.

Bu mənada, düşünmək olar ki, Ermənistan hazırkı sabotajları könülsüz şəkildə edir. Amma buna məcburdur. Çünki İrəvan bu gün tamamilə Qərbdən asılı vəziyyətdədir. ABŞ və Aİ-nin strategiyası sadədir: maliyyə yardımı ilə Ermənistanı öz tərəfinə çəkmək, onu Rusiyadan, Rusiyanı da bölgədən uzaqlaşdırmaq!

Qərbin bundan sonra da İrəvanı təlimatlandıracağı şəksizdir. Əgər Paşinyan hakimiyyəti Qərbin tələblərini yerinə yetirməkdən boyun qaçırarsa, onda Rusiya qarşısında təhlükəsizlik təminatlarından məhrum olacaq.

Beləliklə, zəif siyasi iradəyə malik Ermənistan hakimiyyəti faktiki olaraq Qərbin təsiri və təzyiqi ilə addımlar atır. Amma bu, Ermənistan üçün yaxşı nəsə vəd etmir. Çünki təxribatların davam etdirilməsi Azərbaycan Ordusunun adekvat cavab tədbirləri görməsi, beləliklə, hərbi toqquşmaların başlanması deməkdir. Bu isə Ermənistan üçün həm hərbi, həm siyasi, həm də təhlükəsizik baxımından arzuolunan deyil.

Əgər Ermənistan Qərbin sifarişi əsasında təxribatlarını davam etdirmək, sülh gündəliyini, 8 kəndin qaytarılması məsələsini unutdurmaq istəyirsə, başa düşməlidir ki, bu, bumeranq effekti verəcək. Azərbaycan daha öncə olduğu kimi, yenə öz işini özü həll edəcək!

REPORT