“Ermənistanın Qərbə yönəlməsi bu günə qədər ona dəstək verən Tehranın siyasətinə uyğun gəlmir”.
Bunu Editor.az-a politoloq Ramiyə Məmmədova İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahianın ABŞ-Ermənistan birgə hərbi təlimlərini tənqid etməsi və bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunun oradakı vəziyyəti daha da çətinləşdirəcəyini, regionda hərtərəfli sülhə nail olmaq üçün ən əlverişli yolun danışıqlar və mexanizmlər, o cümlədən, “3+3” formatı olduğu ilə əlaqədar səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İranın güc sərhədləri yanında ABŞ ordusunun olması onun üçün böyük təhdiddir: “Bu da Ermənistana güvənməyin doğru olmadığını göstərir. İran Azərbaycanla Ermənistana görə gərgin münasibətdədir. Lakin bir daha aydın olur ki, rəsmi İrəvan öz maraqları üçün dostunu belə qurban verə bilər. İran və Amerikanın soyuq savaşı artıq illərdir ki, davam edir. Rəsmi Tehranın bu gün həm iqtisadi, həm də siyasi baxımdan gərgin vəziyyətdə olması Amerika və Qərbin fəaliyyətindən qaynaqlanır. ABŞ ordusunun sərhədə qədər gəlib çıxması İran üçün böyük bir təhlükədir. Çünki Qərb və Amerika uzun müddətdir ki, bölgədə siyasi dəyişiklik etmək istəyirlər. İran da buna yol açılmasından qorxur”.
Politoloqun fikrincə, İran siyasi baxımdan özünü bitirib: “İran dövləti geopolitik baxımdan çox zəifləyib. Azərbaycan və Türkiyəyə, ümumiyyətcə Qərbə qarşı düşmənçilik mövqeyindən çıxış edir. Bu da ona həm siyasi, həm də iqtisadi baxımdan təhlükə yaradır. İranın bu problemləri həll olunmasa, prezidenti İlham Əliyevin də dediyi kimi Azərbaycanın qədim torpaqlarının nə vaxtsa geri qaytarılması məsələsini də düşünə bilərik”.
//Safura Bənnayeva, Editor.az

