Ermənistanın revanşist ritorikası: “Bu, Rusiya əleyhinə yönəlmiş aksiyadır”-MÜSAHİBƏbackend

Ermənistanın revanşist ritorikası: “Bu, Rusiya əleyhinə yönəlmiş aksiyadır”-MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə müsahibəsini təqdim edir:

-Nəsib bəy, məlumdur ki, Ermənistan tərəfinin təxribatları yenidən intensivləşib. Həm şərti sərhədlərdə, həm Naxçıvan istiqamətində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə ordumuzun mövqeləri müxtəlif çaplı atıcı silahlardan ardıcıl atəşə tutulur. Davamlı təxribatlar lokal müharibə, genişmiqyaslı hərbi əməliyyatlarla nəticələnə bilərmi?

-Doğrudur, son günlər Ermənistanın həm sərhəddə, həm də Naxçıvan istiqamətində törətdiyi təxribatların sayı intensivləşib. Bu da Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını göstərir. Ermənistan siyasi hakimiyyətinin və baş nazir Nikol Paşinyanın da ziddiyyətli bəyanatlarına diqqət yetirsək, onun xarici güclərin təhriki ilə məqsədli şəkildə hadisələrin gərginləşməsinə can atdığını görərik. Bunun bilavasitə göstəricisi odur ki, son günlərdə Ermənistan silahlı qüvvələri kütləvi şəkildə Azərbaycanla sərhəddə toplaşmaqdadır. Sosial şəbəkələrdə yayılan video görüntülərdə də bu aydın şəkildə görünür. Eyni zamanda, çoxlu sayda dövlət və özəl şirkətlər vasitəsilə döyüş təlimi prosesləri də həyata keçirilir. Bütün bunlar müharibə xəbərdarlığıdır. Siyasi cəhətdən də artıq rəsmi İrəvan əvvəlki sənədlərin icrasından danışmır. Əksinə Qarabağda məskunlaşmış erməni icması üçün beynəlxalq vasitəçilərin iştirakı ilə Bakı-Xankəndi danışıqlarının aparılmasına cəhd edir. Bunlar Ermənistanın yeni müharibəyə hazırlaşmasını göstərir. Dünya mediasındakı abu-havada da bu aydın olur. Fransanın da həmin istiqamətdə çox ciddi səyləri var. Bu gün rəsmi Paris özünü beynəlxalq hüquqdan üstün dövlət kimi görür. Bu cür yanaşma qəbuledilməzdir. Azərbaycan heç vaxt bununla razılaşa bilməz. Fransa Laçın yolunun tam açılmasını tələb edir. Biz separatizmi tam alovlandırmaq üçün Ermənistandan silah-sursat daşınmasına, ordunun təşkilatlanmasına imkan verə bilmərik. Lokal müharibə başlayarsa, toqquşmalar daha geniş ərazini əhatə edə bilər.

-Ermənistanın Rusiya əleyhinə fikirlər səsləndirməsi, iki ölkə arasında münasibətləri gərginləşdirdi. Lakin Azərbaycan və Ermənistan münasibətlərində vasitəçi olmaq istəyən Rusiya, rəsmi İrəvanın həm özünə, həm də Azərbaycana qarşı atdığı bu kimi addımlara susqunluq nümayiş etdirir. Rəsmi Moskvanın bu mövqeyini necə dəyərləndirirsiniz?

-Rəsmi Moskva və İrəvan arasındakı münasibətlər “sevəcəyəm səni, sən sevməsən də məni” prinsipi əsasında qurulur. Bu da Rusiyanın qeyri-praqmatik siyasətinin nəticəsidir. Rəsmi Moskva seçim etməlidir. Bir tərəfdən Rusiyaya güclü, inkişaf etmiş, siyasi, iqtisadi, mədəni və bir çox sahələrdə bərabərhüquqlu əməkdaşlıq təklif etmiş Azərbaycan, etibarlı tərəfdaş, digər tərəfdə də bir az problem yaşandıqda öz dostlarına, himayədarlarına xəyanət edən Ermənistan…Rəsmi İrəvanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Republica”qəzetinə verdiyi müsahibədə bütün nüanslar aşkara çıxdı. O, açıq şəkildə antiRusiya siyasəti apardığını göstərdi. Rəsmi Moskvaya olan nifrətini də gizlətmədi. Ardınca da ABŞ-Ermənistan hərbi təlimlərinin başlayacağı haqqında xəbərlər yayıldı və üzvü olduğu KTMT-nin təlimlərində iştirak etməkdən imtina etdi. Bütün bunlar göstərir ki, Ermənistan Rusiyaya arxadan zərbə vurur. Rəsmi Moskva düzgün seçim etməlidir. Strateji həhətdən hansı ölkə ilə əməkdaşılığın xeyir və ya zərər verdiyini aydınlaşdırmalıdır.

-Nəsib bəy, sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcəyi ilə bağlı məlumatlar var. Sizcə bu təlimlər Azərbaycan üçün təhlükə vəd edir?

-Azərbaycan üçün hər hansı təhlükə vəd etdiyini düşünmürəm. Bu təlimlər sülhməramlı qüvvələrin müəyyən böhranda əməkdaşlığı ilə bağlıdır. Ancaq paradoksal vəziyyət ondan ibarətdir ki, Ermənistan dövləti sülhməramlı kimi Suriyada Əsəd rejiminin müdafiəsində iştirak edir. Ermənistan və ABŞ sülhməramlılarının hansı hərbi təlimlərindən söhbət getdiyi məlum deyil. İkili standartlar, geosiyasi məsələlər ön plana çıxır. Amma İraqda ümumi koalisiyanın tərkibində Azərbaycan sülhməramlıları iştirak edir. Bu baxımdan həmin təlimləri Rusiya əleyhinə yönəlmiş aksiya kimi qiymətləndirmək olar.

//Safura Bənnayeva, Editor.az