“Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyanın səsləndirdiyi son bəyanat ikiüzlülük və riyakarlıqdan başqa birşey deyil”.
Bunu Editor.az-a hərbi ekspert Ədalət Verdiyev rmənistan müdafiə nazirinin müavini Arman Sərkisyanın , “Regionumuz elədir ki, eskalasiya riski var, lakin biz dövlət olaraq bunun genişmiqyaslı hərbi əməliyyatlara səbəb olmaması üçün addımlar atmalıyıq”,-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əgər Ermənistan tərəfi həqiqətən də hərbi əməliyyatların baş verməməsi üçün addım atmaq niyyətindədirsə, ilk növbədə birgə bəyanatın şərtlərinə uyğun olaraq Qarabağ ərazisindəki 10 minə yaxın qanunsuz erməni silahlılarının çıxarılmasını təmin etməlidir:
“Azərbaycanla sərhəddə və Rusiyanın məsuliyyət zonasında mina basdırılmasına son verilməli, daha əvvəl basdırılmış minaların dəqiq xəritələrini Azərbaycana təqdim etməli və bu günə qədər Birinci və İkinci Qarabağ müharibəsi zamanı itkin düşən 3800-dən çox Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirməlidirlər. Eyni zamanda, Naxçıvanın 1, Qazaxın isə 7 kəndinin boşaldılması təmin edilməlidir. Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret müddətin təyin edilməsi, sərhədlərin delimitasiyası prosesinin sürətləndirilməsi, Azərbaycan Ordusunun mövqeləri qarşısında səngərlərin qazılması və əraziyə əlavə hərbi qüvvələrin, ağır texnikaların, zirehli vasitələrin cəlb edilməsinə son verilməsi, toplanış yolu ilə erməni ordusuna çağırılanları Azərbaycanla sərhədə göndərməkdən imtina edilməsi təmin olunarsa, bu vaxt eskalasiya riski kifayət qədər azalar. Lakin eskalasiya riskini artıracaq addımlar atılarsa, bunun qarşısını almaq elə də asan olmayacaq. Çünki Ermənistanın səsləndirdiyi fikirlərlə həyata keçirdiyi əməllər arasında böyük uçurumlar var”.
//Safura Bənnayeva, Editor.az

