“Ermənistanın Rusiyanın istəyini geri çevirib Fransaya bu razılığı verməsi Moskvada xoş qarşılanmayacaq”- ŞƏRHbackend

“Ermənistanın Rusiyanın istəyini geri çevirib Fransaya bu razılığı verməsi Moskvada xoş qarşılanmayacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük Savaşdan sonra Zəngəzur böyük önəm daşımağa və geostrateji əhəmiyyət kəsb etməyə başladı. Fransanın Zəngəzurda, konkret olaraq Gorusda konsulluq açması Rusiyanın Ermənistana təsir uğrunda geopolitik və geostrateji anlamda Fransaya uduzduğunu göstərir. Rusiya 3 ildir ki, Zəngəzur bölgəsində konsulluq açmaq istəyini həyata keçirə bilmədiyi halda, Fransa bunu etməyi bacardı”.

Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, Fransa və Ermənistanın XİN-ləri Jan-Noel Barro Ararat Mirzoyanla İrəvanda keçirdikləri birgə mətbuat konfransında konsulluğun 2 iyunda açılacağını bildiriblər:

“Yayılan məlumatda o da bildirilir ki,Gorus Ermənistanda fransız dilinin ən çox danışıldığı şəhərdir. Düzdür, konsulluğun hələlik Baş konsulluq deyil, fəxri konsulluq olacağı deyilir, amma düşünürəm ki, bu Rusiyanı qıcıqlandırmamaq üçündür. Ermənistanın Rusiyanın istəyini geri çevirib İrandan sonra Fransaya da bu razılığı verməsinin Moskvada xoş qarşılanmayacağı məlumdur.

Azərbaycanın bu məsələyə münasibəti həmişə olduğu kimi səbirli və təmkinlidir. Zira kim nə açır-açsın, Azərbaycanın iradəsi olmadan Zəngəzur koridoru heç bir önəm qazanmayacaq. Azərbaycan Gürcüstan ərazisindən strateji xətlərini işlədir, üstəlik Zəngəzurdan yan keçəcək “Araz koridoru” gələn ilin əvvəllərində fəaliyyətə başlayacaq və getdikcə daha da böyüyəcək. Qoy geri qalanını Ermənistan rəhbərliyi düşünsün”.

//Gülnarə Abasova, Editor.az