“Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə nümayəndəsi İqor Xovayevin regional səfərinin vacib əhəmiyyəti var. Əsasən də Brüssel görüşündən , Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması ilə bağlı yaxın vaxtlarda xarici İşlər nazirləri səviyyəsində görüşlərin keçirilməsi ilə bağlı qərardan sonra belə bir səfər labüd idi”.
Bu fikirləri Editor.az- a açıqlamasında siyasi analitik Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, İqor Xovayev bu səfərləri daha da intensivləşdirməlidir:
” Belə səfərlərin çoxluğu regiondakı situasiyanı daha yaxşı anlamağa kömək edəcək. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında növbəti addımların atılmasına səbəb olacaq. Xovayevin bu dəfəki səfərində delimitasiya və demarkasiya işlərinin sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Azərbaycan və Ermənistan arasında imzalanacaq sülhün ilkin ehtimalları və şərtləri ətrafında müəyyən fikir mübadiləsi aparılacaq”.
T. İsmayılov bildirir ki, Rusiya hər zaman Ermənistana yardımlar edir:
“Bu gün Ermənistanın dövlət kimi ayaqda durmağının birinci səbəbi Rusiya, digər səbəbi isə Qərbdəki erməni lobbisi və ermənipərəst dairələrdir. Bu baxımdan Rusiyanın Ermənistandan oyuncaq kimi istifadə etməsi prespektivləri həmişə mümkündür. Bunu nəzərə alaraq Ermənistana hansısa yardım etməsi daim aktualdır. Bu gün Ermənistanın Rusiyaya saysız-hesabsız borcu var. Ermənistan bu borcları qaytarmaq iqtidarında deyil. Lakin yekun sülh müqaviləsinin imzalanması və bu prosesin sürətlənməsi regiondakı kommunikasiyaların açılmasına səbəb olacaq ki, Cənubi Qafqazda yeni nəqliyyat vasitələri və kommunikasiyalar Rusiyanın özünün də iqtisadi maraqlarını təmin edir. Rəsmi Moskvanın bu məsələdə mövqeyi birmənalıdır. İlkin mərhələdə hansısa razılaşmalar, iqtisadi canlanmalar Rusiyanın da dövlət maraqlarını özündə ehtiva edir”.
//Safura Bənnayeva, Editor.az

