Ermənistanın Rusiyaya qarşı xəyanəti davam edir?- “Artıq reallıqları düzgün qiymətləndirmək vaxtıdır”backend

Ermənistanın Rusiyaya qarşı xəyanəti davam edir?– “Artıq reallıqları düzgün qiymətləndirmək vaxtıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizinin açılması region dövlətləri üçün sülhün təmin olunması, iqtisadiyyatın inkişafı və əməkdaşlığın möhkəmləndirilməsi baxımından çox vacibdir. Siyasi və iqtisadi böhran içərisində yaşayan Ermənistan üçün isə bu dəhlizin reallaşdırılması həyati əhəmiyyət daşıyır, ona görə də Ermənistan xalqı, dövləti bunu düzgün qiymətləndirməli, fürsətdən yararlanmalıdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkili  qeyd edib ki, danılmaz reallıqdır ki, bu gün Ermənistan Zəngəzur dəhlizinin açılmasına maneələr törətməklə ilk növbədə özünü daha da çətin vəziyyətə salır:

” Ermənistan günü-gündən ağırlaşan vəziyyətini daha da  ağırlaşdırır. 10 noyabr üçtərəfli bəyanatın şərtlərinə görə Zəngəzur dəhlizi mütləq açılmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bunun bağlı qətiyyətli şəkildə bildirib ki, bu koridor hansı yolla olursa olsun açılacaq. Çünki məğlubiyyət aktına imza atarkən, üçtərəfli bəyanata qol çəkərkən  Ermənistan baş naziri Nikol Paşinyan üzərinə bu barədə öhdəlik götürüb və həyata keçirilməsinə də cavabdehdir. Öhdəliyə əməl etməmək, bəyanatın tələblərini pozmaq Rusiyanın imza atdığı sənədə qarşı çıxmaqdır. Halbuki Rusiya bu bəyanatın icrasına vasitəçilik etməklə Ermənistanı ağır bəlalardan, tamamilə məhv olmaqdan xilas edib. Belə olduqda Ermənistanın hərbi siyasi hakimiyyəti verilən vədə əməl etməlidir. Əks halda onlar imzalanmış bəyanatın şərtlərini pozmaqla Rusiyaya xəyanət etmiş olar və 44 günlük müharibənin dəhşətlərini bir daha yaşaya bilərlər. Ermənistan üçün ciddi düşünmək və düzgün yol seçmək məqamıdır. Ermənistan reallıqları düzgün qiymətləndirməli və millətçilik, ağalıq meyllərindən bir dəfəlik əl çəkməlidir”.

//Gülnarə Abasova, Editor.az