Ermənistanın sərhəd təxribatının pərdəarxası məqamlarıbackend

Ermənistanın sərhəd təxribatının pərdəarxası məqamları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ermənistan ordusunun bölmələri Zəngilan istiqamətində mövqelərimizi atəşə tutdu və bir əsgərimiz yaralandı.

Bu gün isə Azərbaycan ordusu növbəti “Qisas əməliyyatı” keçirdi və dörd erməni hərbçisi öldürüldü, biri isə yaralandı.

Yəni, Azərbaycan ordusu yaralanan əsgərimizin qisasını artıqlaması ilə aldı. Bundan sonra da belə olacaq. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, heç bir Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Baş verən bu hadisəyə görə isə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu, məsələnin bir tərəfi.

Məsələnin ikinci tərəfi isə Ermənistanın hələ də mövcud siyasi reallıqları dərk etməməsi – Azərbaycanın gücünü-qüdrətini qiymətləndirməməsi, müxtəlif bəhanələrlə sərhədlərin demarkasiyası və delimitasiyasını yubatması, siyasi manipulyasiyalarla sülh prosesini dalana sürkləməsidir. Açıq-aydın görünür ki, Ermənistan öz ağlı ilə hərəkət etmir. Nikol Paşinyana “xəyal plov” yedirdən dövlətlər və siyasi qüvvələr var ki, onların da başında Fransa dayanır. Dəfələrlə qeyd etdiyimiz, “firənglər” Ermənistanı növbəti fəlakətə sürükləyir.

Nələr baş verdiyini anlamağa çalışaq.

Dörd gündən sonra Münhendə Təhlükəsizlik üzrə Konfransı keçiriləcək. Qeyd edək bu Konfrans çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri bir neçə dəfə görüşüblər. Fransanın Azərbaycan tərəfindən “oyundankənar vəziyyətə” salındığı bir şəraitdə Avropa İttifaqının rəhbərliyi, xüsusilə də Şarl Mişel Münhendə bu cür görüşləri yenə də təşkil etmək arzusundur. ATƏT-in baş katibi Helqa Mariya Şmid xüsusilə İlham Əliyevin konfransda iştirak edəcəyinə böyük ümidlər bəsləyir.

Bu yerdə “xoruzun quyruğu görünməyə başlayır”: Nikol Paşinyan və onun “sahibləri” deyəsən təxribat üçün ən uyğun vaxtı və məqamı seçiblər. Yəni Ermənistanın baş naziri Münhenə əliboş getməyəcək. Mişel müəllimə şikayət etmək üçün əlində “çox tutarlı” bir bəhanə var.

Lakin bundan əvvəlki görüşlərdəb nəticə çıxarmaması, razılaşdırılmış məsələlərin kağız üzərində qalması, Avropa İttifaqının ikibaşlı oyunları, Azərbaycan əleyhinə qəbul edilən qətnamələr artıq bu cür “üçtərəfli” və ya “dörd tərəfli” görüşləri mənasız edib. Eyni zamanda Ermənistan ordusunun fevralın 12 və 13-də sərhəddə törətdiyi təxribat və təxribata aldığı layiqli cavabın Münhendə “yeni gündəm” yaradacağı inandırıcı görünmür. Ən əsası Prezident İlham Əliyevin də sözügedən konfransda iştirak üçün Münhenə gedib-getməməsi də hələ ki, məlum deyil.

Və belə bir şəraitdə Nikol Paşinyanın əlinin yenə də “havadan aşlı qalacağı” heç bir şübhə doğurmur. Odur ki, Ermənistanın baş naziri “xoşbəxtliyi” kənarda axtarmaq, Avropada özünə yeni “patronlar” tapmaq yerinə, təcavüzkar siyasətindən əl çəkərsə, tez bir zamanda sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsinə razılaşarsa, nəhayət əzəli və əbədi qonşusu Azərbaycanla sülh müqaviləsi imzalamağa cəsarət taparsa, həm öz ölkəsi o, həm də bütün region qazanacaq.

Fərid Şahbazlı 

Editor.az