Ermənistanın “snayper oyunu”: sülh quruculuğuna növbəti zərbə- TƏHLİLbackend

Ermənistanın “snayper oyunu”: sülh quruculuğuna növbəti zərbə- TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla Azərbaycan arasında münasibətlərin hazırkı mərhələsində əsas element sülh müqaviləsi ilə bağlıdır. Rəsmi Bakı bununla bağlı mövqeyini aydın şəkildə ortaya qoyub. Sülhün tərəfdarı olduğumuzu həm İrəvanın, həm də beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə, aydın şəkildə çatdırmışıq.

2020- ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra atdığımız bütün hərbi və diplomatik addımlar Cənubi Qafqazda sülhün təmin olunmasına hesablanıb. Amma təəssüf ki, iki ildən çox müddət ərzində rəsmi İrəvan daim sülh quruculuğu prosesindən yayınıb. Müxtəlif iddialar və əsassız bəyanatlar prosesə süni əngəl yaradıb. Əlbəttə, bu, təkcə İrəvanın deyil, həm də onun arxasındakı güclərin beyninin məhsuludur.

Bu günlərdə Azərbaycan snayperinin açdığı atəş nəticəsində erməni hərbçinin ölümü ilə bağlı iddia da birbaşa olaraq konstruktiv mövqeyin təzahürüdür. Azərbaycan Müdafiə Nazirliyi dərhal məlumat yayaraq məlumatı təkzib etdi.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə bildirildi ki, Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır: “Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir. Ermənistan tərəfi bu kimi açıqlamalar ilə həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür”.

Bəyanatda qeyd olundu ki, Azərbaycan öz tərəfindən postmünaqişə mərhələsində sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaqdır. Əvvəl də dediyimiz kimi, Ermənistanın arxasındakı böyük güclər, o cümlədən ABŞ və Fransa bölgədə sülhün təmin olunmasını istəmir. Çünki dayanıqlı sülh həmin ölkələrin regiona müdaxiləsinin qarşısını alır. Üçüncü tərəflər yalnız gərginlik vasitəsilə özlərinin Cənubi Qafqazdakı maraqlarını təmin edə bilərlər. Onlar özlərinin çirkin niyyətləri naminə məhz regionun ən zəif bəndindən, yəni İrəvandan istifadə edirlər.
Ehtimal var ki, Ermənistanın “snayper” oyununda da Qərbin birbaşa maraqları olub.

Əlbəttə, rəsmi İrəvanın sözügedən iddiası sülh quruculuğu prosesinə birbaşa təhdiddir. Bu, qarşılıqlı etimad mühitinə zərbə vuran hadisədir.

Azərbaycan XİN- in açıqlaması onu deməyə əsas verir ki, rəsmi Bakı sülh quruculuğu prosesində israrlıdır. Yəni diplomatik səylərimiz bundan sonra da davam edəcək. Bakı sülh quruculuğu prosesinə mane olan istənilən əngəli dəf etməyə qadirdir.

Sülh quruculuğuna xələl gətirməyə hesablanan addımlar bundan sonra da təkrarlana bilər. Amma bunların heç bir nəticəsi olmayacaq. Proses addım -addım davam edir, Bakının maraqları təmin olunur.

//Kənan Novruzov, Editor.az