“Türkiyəyə Ermənistanla sərhəddə yerləşən Alican məntəqəsindən humanitar yüklərin keçirilməsi heç də iki ölkə arasında sərhədlərin açılması demək deyil. Türkiyə Ermənistanla sərhədlərini bağladığı ilk gündən bəyan edib ki, Azərbaycanla münasibətləri normallaşdırandan sonra quru sərhədlər açıla bilər”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili Ermənistanın Türkiyəyə Alican sərhəd məntəqəsindən yardım göndərməsinin münasibətlərin normallaşması prosesinə töhfə verə biləcəyini hesab edir:
“Dünya dəyişdikcə ölkələr arasında münasibətlər də dəyişilməlidir. İlk növbədə eyni regionda yerləşən ölkələr öz aralarında qonşuluq münasibətlərini genişləndirməli və regional əməkdaşlığın inkişafına töhfə verməlidir. Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistana təqdim etdiyi 5 baza prinsipi beynəlxalq hüquq normalarına əsaslanır və regional inkişafa töhfə verir. Hesab edirəm ki, Azərbaycanın təqdim etdiyi bu 5 baza prinsipi Ermənistan tərəfindən qəbul olunmalıdır. Bunun alternativi yoxdur. Çünki eyni regionda yerləşən ölkələr münasibətləri təbii fəlakətlər baş verəndən sonra yox, adi dövrdə normallaşdırmalıdırlar ki, dar gündə bir-birinin yanında ola bilsinlər. Çünki bu gün Türkiyədə baş vermiş dəhşətli zəlzələ sabah Ermənistanda da baş verə bilər”.
//Gülnarə Abasova, Editor.az