“Ermənistanın yekun sülh müqaviləsi imzalamaqdan başqa seçimi yoxdur”- Millət vəkilindən AÇIQLAMAbackend

“Ermənistanın yekun sülh müqaviləsi imzalamaqdan başqa seçimi yoxdur”– Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan öz ərazisində Avropa İttifaqı missiyasının yerləşdirilməsinə icazə vermədi. Prezident İlham Əliyev də bir neçə dəfə bununla bağlı geniş açıqlama verib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı missiyası Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səlahiyyətində olan ərazilərdə yerləşdiriləcək:

“Azərbaycan buna etiraz edə bilməz. Bu Ermənistanın daxili məsələsidir. Avropa İttifaqının 400 nəfərlik missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi bizim üçün heç bir təhlükə yaratmır. Əksinə həmin ölkələrin Azərbaycanın ərazi bütövlüyünə hörmətini göstərir. Azərbaycanın başqa ölkələrin torpağında gözü yoxdur. Ermənistan əgər Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, bu zaman Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımır, Zəngəzura və Göyçəyə ərazi iddiasını ortaya qoyur.
Azərbaycan prezidenti İlham Əliyev də bunu çıxışlarında dəfələrlə deyib”.

Razi Nurullayev qeyd edir ki, Ermənistan mütəmadi olaraq cəbhədə təxribat törədir: “Amma indi Ermənistan Avropa İttifaqı missiyasının fəaliyyəti ərəfəsində təxribat törədərsə, monitorinq aparan nümayəndələr də bunu görəcək. Azərbaycan üçün də Ermənistanın hər zaman yalan danışdığını sübut etməyə əsaslı imkan yaranacaq. Ermənistanın 400 nəfərin gözü qarşısında saxtakarlığa yol verəcəyini düşünmürəm. Əgər belə hal yaşanarsa, Azərbaycan hər zamankı kimi adekvat tədbirini görəcək.
Reallıq ondan ibarətdir ki, Ermənistan get-gedə küncə sıxılır və söhbət Azərbaycan-Ermənistan sərhədindən getdiyinə görə, Ermənistanın Azərbaycanla yekun sülh müqaviləsi bağlamaqdan başqa seçimi qalmır. Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra Ermənistan Qarabağda yaşayan ermənilərin hüquq və vəzifələrindən danışa bilər. Onların hüquqlarının qorunması, ayrı-seçkiliyə yol verilməməsi və bu kimi məsələləri gündəmə gətirə bilər. Lakin artıq status, ərazi məsələsi gündəmə gətirilə bilməz”.

//Safura Bənnayeva, Editor.az