Ermənistanın yeni hiyləsi: “Nəzarəti öz əlinə almağa çalışır”-Politoloqla MÜSAHİBƏbackend

Ermənistanın yeni hiyləsi: “Nəzarəti öz əlinə almağa çalışır”-Politoloqla MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az politoloq Natiq Miri ilə müsahibəsini təqdim edir:

-Natiq bəy, Ermənistan hökuməti Azərbaycanla müxtəlif istiqamətlərdə aparılan danışıqların təfərrüatını açıqlayıb. Yer alan fikirlərdə Ermənistan-Azərbaycan münasibətlərinin qurulması haqqında saziş, “Qarabağ münaqişəsi”nin həlli gündəliyə çıxarılıb. Maraqlıdır ki, Azərbaycan Qarabağ münaqişəsinin həll olunduğunu bildirdiyi halda Ermənistan niyə bu istiqamətdə yalan məlumat yayır?

-Ona görə ki, Ermənistan “Qarabağ problemi”nin həll edildiyini düşünmür. İrəvan bir tərəfdən qeyd edir ki, sülh müqaviləsində Qarabağla bağlı heç bir fikir əks edilməyəcək, digər tərəfdən isə Xankəndi və Azərbaycan arasında danışıqların aparılması, bunun beynəlxalq mexanizmlərin nəzarətində olmasını tələb edir. Hətta bütün bunlar azmış kimi, “haqq araşdırıcı” beynəlxalq missiyanın, o cümlədən beynəlxalq sülhməramlı qüvvələrin Qarabağa gəlməsini tələb edirlər. Məsələni ərazi iddiası kimi deyil, hüquq və təhlükəsizlik konteksində təqdim etməklə həm də xarici qüvvələrin prosesə müdaxilə etməsinə yol açırlar. Çünki hüquq və təhlükəsizlik məsələsi heç bir ölkənin daxili məsələsi sayılmır. Bu, erməni hiyləsidir. Zamanında Ermənistana ötürülmüş “pas”dır. Bir tərəfdən sülh müqaviləsinə hazır olduğunu bəyan edib “Qarabağ kartı”nı oynamaqla bu müqavilənin imzalanmasını ləngidirlər.

-Digər tərəfdən də regionda nəqliyyat və iqtisadi kommunikasiyalar blokunun açılması, sərhədlərin müəyyən edilməsi və təhlükəsizlik, humanitar məsələlər bu təfərrütlarda yer alıb. “Kommunikasiyalar blokunun açılması” dedikdə nə nəzərdə tutulur?

– 10 noyabr 2020-ci il bəyanatına görə, əsas şərtlərdən biri də iki ölkə arasında əsas kommunikasiyaların açılmasıdır. Bu isə iqtisadi münasibətlərin qurulmasına yol açır. Əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Sözügedən proses artıq Azərbaycan və Ermənistanı ehtiva etmir. Proses beynəlmilliləşib. Burada qlobal güclər öz geosiyasi maraqlarını təmin etmək uğrunda rəqabətə girişib. 10 noyabr sənədində birmənalı şəkildə qeyd edilib ki, maneəsiz keçid təmin edilməlidir. Əsas nəzarət mexanizmini həyata keçirən də Rusiya Sərhəd Qoşunları olmalıdır. Amerika Birləşmiş Ştatları və Avropa Birliyi kimi güc mərkəzləri də bu amilin əleyhinədirlər. Ona görə də sözügedən məsələ prioritet olaraq qalır. Ermənistan isə buna əngəl olmaq istəyən güclərin hesabına prosesi sabotaj etməyə davam edir. Gələcəkdə Zəngəzur dəhlizinin açılması mümkün olarsa, bunu dəhliz deyil, yol statusunda açılmasını, bütün nəzarət mexanizmlərinin İrəvan tərəfindən həyata keçirilməsini istəyir. Bu kimi problemlər gündəmdədir.

-Qeyd edirsiniz ki, burada qlobal güclərin öz maraqları var. Daha ətraflı desək, bu maraqlara nələr daxildir?

-Burada əsas qlobal güc olan Çindən tutmuş ABŞ, Avropa Birliyi, Rusiya hətta qonşu İran belə prosesdə yer almaq və öz maraqlarını təmin etmək istəyir. Doğrudur, burada niyyətlər fərqlidir. Məsələn rəsmi Tehran Zəngəzurun dəhliz statusunda açılmasının tamamilə əleyhinədir. Rusiya və Çin isə həmin məsələdə daha maraqlı görsənir. Beynəlxalq güclər mövzunu fərqli rakursdan təqdim edir. Onlar Zəngəzur dəhlizinin işləməsinə razılıq versələr də bunun rəsmi Moskvanın nəzarətində olmasının əleyhinədirlər. İrəvanın da mövcud maraqlarını qeyd etdim. Hər-vəchlə məsələdə öz rolunu artırmağa çalışır. Ümumiyyətlə qlobal güclər tərəfindən bu məsələdə uzlaşma olmadıqca Zəngəzur dəhlizinin açılması hələ bir müddət də ləngiyəcək.

//Safura Bənnayva, Editor.az