“Ermənistan üzdə sülh sazişini normal qarşılayır, amma reallıqda bu onların istəklərindən çox uzaqdır”.
Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın təklif etdiyi 5 müddəalı sülh sazişini imzalanmasında həvəsli deyil:
“Onlar üçün ən mühüm məqam isə Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının qarşısını almaq, prosesi uzatmaqdır. Ermənistan vaxtı iki cür uzada bilər. Birincisi, Rusiya-Ukrayna müharibəsinin sonunda Rusiyanın müharibədən hansı vəziyyətdə çıxacağına hesablanıb. Əgər Rusiya Ukrayna müharibəsindən devrilmiş vəziyyətdə çıxarsa, onlar Rusiyanı bu ərazidən çıxardaraq yerinə Avropadan gələn texniki heyətləri, missiyanın yerləşdirilməsini təmin edəcək”.
Hərbi ekspertin sözlərinə görə, bu ssenarini Ermənistan yox Fransa yazır:
“Fransa prezidentinin məlum müsahibəsindən sonra Ermənistan bunu çox açıq-aydın ifadə edir. Nəticə etibarı ilə texniki heyətlərin bölgədə olduğu müddətdə də Ermənistan Azərbaycanı hər vəchlə təmas vəziyyətindəki bölgələrimizdə atəşkəsin pozulmasına təhrik edəcək. Onların niyyəti budur ki, əvvəlcə atəşkəsi pozub Azərbaycanın adekvat cavabını Avropa missiyasına göstərərək bildirəcəklər ki, sülh sazişinin imzalanması üçün şərait yoxdur. Bu əməlin reallaşmaması Ermənistanın masaya oturmağa razılıq verdiyini göstərəcək. Siyasilər başqa fikir bildirir, amma təmas bölgələrindəki bölmələrdə atəşkəsin pozulmasına göstəriş verirlər. Daşkəsən, Gədəbəy istiqamətində də əlavə qüvvələr cəlb edilib. Ermənistanın müdafiə naziri Hindistandadır. Orada hərbi-texniki əməkdaşlıq yönündə müqavilələrin imzalanması həyata keçiriləcək. Ermənistan Baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşündən sonra Avropa tərəfdaşlarını da arxasına almaqla gərginliyi artırmağa çalışır. Bunun da səbəbləri var. Avropadan göstərişlər verilir. Bu göstərişlər Azərbaycandan daha çox Rusiyanın bölgədən çıxarılmasına hesablanıb.
Əvvəl münaqişə Ermənistan-Azərbaycan fonunda gedirdisə, indi Avropa İttifaqı ilə Rusiyanın Ermənistan üzərindəki təsirindən qaynaqlanacaq. Rusiyanın vəziyyəti gərginləşəcək. Ermənistanın atdığı addımları Rusiya qarşılıqsız qoymayacaq. Ermənistan 30 il müddətində özünə sərf etdiyi üçün Rusiyanı müttəfiq seçdi. İndi isə Ukrayna müharibəsində Rusiyanın zəiflədiyini görüb diqqətini Avropaya yönəldib. Bu, ermənilərin ənənəvi hiyləgərlik siyasətidir. Bizim əsas istəyimiz Zəngəzur dəhlizinin açılmasıdır. İndi bu məsələdə də yumşaq və bərk güclərin təsiri mövcuddur. Gələcəkdə Ermənistan vətəndaşlarının və erməni əsilli insanların Qarabağda yaşaması Ermənistandan asılıdır. Ermənistan stabilliyin yaranması üçün sülh sazişinin tezliklə imzalanmasına çalışmalıdır. Onsuz da Ermənistan müharibədə uduzub. Azərbaycan isə torpaqlarını azad edib. Ermənistanın Azərbaycanla hərbi müstəvidə danışacaq gücü yoxdur”.
//Safura Bənnayeva, Editor.az

