Ermənistanın yığma qoşun yaratmaq istəyinin arxasında nələr dayanır?backend

Ermənistanın yığma qoşun yaratmaq istəyinin arxasında nələr dayanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məxməri inqilab” sindromundan ayıla bilməyən Ermənistanda qəribə hadisələr baş verməyə davam edir. Əsir düşmüş, “pis hava şəraitində yolunu azmış” kəşfiyyat-diversiya qrupunun komandirinə yiyə durmaqdan çəkinən Ermənistanın gündəmində müzakirə olunan mövzu Ermənistan Müdafiə Nazirliyinin ictimai müzakirəyə çıxardığı yığma qoşun yaradılması layihəsidir. Bu haqda öz “Facebook” səhifəsində qurumun sözçüsü Şuşan Stepanyan bildirib. Artıq bir sıra müvafiq düzəlişlər də “Müdafiə haqqında” qanunda öz əksini tapıb.

“Məqsəd könüllü əsaslarla təşkil olunmuş yığma qoşun sistemi yaradıb düşmənin istənilən qəsdinə layiqli cavab verməkdir” – Stepanyan yazıb.

Qanun layihəsində qeyd olunduğu kimi, yığma qoşun sistemi deyildikdə hərbi fəaliyyət və ya silahlı hücum zamanı könüllülük əsasında vətəndaşların Ermənistanın müdafiəsində iştirakı nəzərdə tutulur. Xalq yığma qoşunu adətən, kritik vəziyyətdə, nizami qoşunlar düşmən həmləsinə tab gətirə bilməyərək geri çəkilməyə məcbur olduqda, nizami qoşunlara kömək etmək məqsədilə könüllü surətdə yaradılan qoşundur. Tarixə nəzər yetirsək, belə nümunələr görə bilərik. Əlbəttə, istənilən ölkənin bu kimi qoşun yaratmasına ixtiyarı var, lakin Ermənistanla əlaqədar, bu misalda bəzi suallar yaranır.

İlk növbədə qeyd edilməlidir ki, bu növ qoşunların yaradılması ölkə konstitusiyası ilə nəzərdə tutulmayıb. Buna baxmayaraq, nazirliyin təşəbbüsünü şərh edən erməni general-leytenant Norat Ter-Qriqoryants deyib:

“Nizamlı ordumuzun nailiyyətlərinə və vəzifələrin bacarıqla icra olunmasına baxmayaraq, erməni xalqı silahlandırılmalı, avtomatdan, qumbaraatandan istifadə etməyi, müdafiəni təşkil edib cavab atəşi açmağı bacarmalıdır”.

“MediaPost” xəbər verir ki, generalın dediyinə görə, yığma qoşunda yaşı 65-dən çox olmayan kişi və qadınların xidmət etməsi maliyyə vəsaitinə qənaət etməyə imkan verəcək.

Təbii ki, bu, “rəsmi” və erməni xalqını aldatmaq üçün səsləndirilən fikirdir. Biz isə öz növbəmizdə, “müdafiə xərclərinə qənaət etmək” adı altında Ermənistan baş naziri Nikol Paşinyanın əsl məqsədini araşdırmağa çalışaq.

Bu mövzunun ortaya atılması otuz il öz ordusunun “məğlubiyyətsizliyinə” inanan, Dağlıq Qarabağ ərazilərinin zəbt edilməsinin yalnız və yalnız erməni Silahlı Qüvvələri hesabına reallaşdırıldığını bəyan edən ermənilər üçün sanki sərxoş başlarına soyuq suyun tökülməsi effektini verdi. Rəsmi İrəvan 2016-cı ilin aprelində Dağlıq Qarabağ ərazisində, 2020-ci ilin iyulunda Tovuz istiqamətində hücuma keçmiş və qətiyyətli cavab alaraq darmadağın olmuş erməni ordusunun Azərbaycan Ordusundan qat-qat güclü olduğunu göstərməyə çalışır. Hətta Tovuz hadisələrindən sonra baş nazir yetmişdən çox hərbi qulluqçunu təltif edib ki, bu da guya əməliyyatlarda uğurlu olduqlarını göstərir.

Gördüyümüz kimi, erməni hakimiyyətinin dediyi sözlə reallıqda etdiyi əməllər fərqlidir.

Məsələn, əgər döyüşlərdə həqiqətən də qalib gəlirlərsə, onda yerli əhalidən yığma qoşun təşkil edilməsi təşəbbüsü nə ilə əlaqəlidir? Müharibə dünən başlamayıb ki? Erməni tərəfi dəfələrlə Azərbaycan Ordusunun zərbələrinə məruz qalıb. Araşdırmamızın məqsədi ermənilərə üçüncü ölkənin hərbi dəstəyinin olub-olmaması deyil. Bu, ayrı bir araşdırmanın mövzusudur. Məqsədimiz Ermənistan ordusunun birdən-birə mülki əhaliyə ehtiyacının yaranma səbəbini bilməkdir.

Gəlin, bir neçə sualın cavabını tapaq:

1. Yaradılacaq yığma qoşunun dövlət sərhədinin və ya təmas xətti ərazilərinin müdafiəsi, diversiya və ya kəşfiyyat qrupları ilə mübarizə, xüsusi əhəmiyyətli obyektlərin, qoşunların kommunikasiya xətlərinin və əhalinin hərəkət yollarının mühafizəsi, mülki müdafiənin təşkili kimi vəzifələrin icrasına cəlb olunması nəzərdə tutulur. Bu vəzifələrin yerinə yetirilməsi üçün Ermənistanda kifayət qədər imkan yoxdurmu? Belə çıxır ki, bu qoşunlara polis funksiyaları da veriləcək?

2. Bu qərar nizamlı ordunun yuxarıda sadalanan vəzifələri tək başına icra etmək qabiliyyətinin olmamasının, orduda mənfi proseslərin baş verməsinin və bu haqda respublikanın hərbi-siyasi rəhbərliyinin susmasının əlaməti deyilmi?

3. Bu addımın atılması Ermənistan hökumətinin Azərbaycanın Dağlıq Qarabağı yaxın gələcəkdə azad etmək üçün genişmiqyaslı əməliyyatlara başlamasından qorxması kimi qiymətləndirilə bilərmi? Belədirsə, qoşunların hazırlığı üçün başqa fəaliyyətlər həyata keçirilirmi?

4. Erməni ekspertlərin rəylərinə görə, hərbi qurum ölkənin baş nazirinə tabe olmur. Başqa sözlə, Paşinyan öz ordusunu idarə etmək iqtidarında deyil. Onda o, peşəkar hərbçilərin sıralarını mülkilərlə doldurmaqla ordu üzərində daha böyük təsirə malik olmaq niyyətindədir?

Suallar çoxdur.

Əslində, Paşinyan kimi dövlət başçısının atdığı addımlar Azərbaycanın xeyrinədir. Onun plansız, biri o biri ilə ziddiyyət təşkil edən hərəkətləri, təşviş və çaşqınlığı məhz Azərbaycan siyasətinin nəticəsidir.

Əks halda, dinc əhalini mülki müdafiə vəzifələrinin icrasına cəlb etmək istəyən hakimiyyət öz məktəblərində “İlkin hərbi hazırlıq” fənnini niyə ləğv etsin ki?

Nəticələr

Öz ordusunun məğlubiyyətsizliyi, əsgərlərin yüksək döyüş ruhu və döyüşə hazır olması haqqında danışan erməni hakimiyyətinin yığma qoşunun yaradılmasına dair qərarı məhz erməni ordusunun Ermənistanı müdafiə etmək, sərhədlərin və əhalinin təhlükəsizliyini təmin etmək qabiliyyətində olmamasının göstəricisidir.

Yaradılacaq yığma qoşuna polis funksiyalarının bir qisminin verilməsi qoşunun dinc əhalinin əleyhinə qurulduğunu ehtimal etməyə imkan verir. Razılaşın ki, əhalinin hərəkət yollarının və xüsusi təyinatlı obyektlərin silahlı mühafizəsi adı altında küçələrdə etiraz aksiyalarının qarşısının alınması, etirazçıların saxlanılması üçün bu qoşun göndərilə bilər. Belə çıxır ki, dövlət çevrilişi nəticəsində hakimiyyətə gələn, nüfuzu minimum səviyyəyə düşən Paşinyan silahının ona qarşı dönəcəyindən qorxur.

Bizdən isə həmişəki kimi, Ermənistan xalqına məsləhət: Azərbaycan torpaqlarını işğaldan azad etməyənə qədər ordunuz da, bundan sonra yaradılacaq onlarla, yüzlərlə qoşununuz da Azərbaycan Ordusunun zərbələri ilə əziləcək. Erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyandan ibrət götürün. Nə qədər ki sağsınız, qaçıb canınızı qurtarın.