“Ermənistanla sərhəd qapıları açıla bilməz” – “Abidə” qalmaqalı Türkiyədə narazılığı GÜCLƏNDİRİBbackend

“Ermənistanla sərhəd qapıları açıla bilməz” – “Abidə” qalmaqalı Türkiyədə narazılığı GÜCLƏNDİRİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni cəmiyyəti terrorizmə və terrorçulara dəstək verməyin fəsadlarını yaşayır. Erməni diasporasının tarixin ziblliyindən eşələnərək çıxardıqları “qəhrəmanlar”ın müqəddəsləşdirməsinin əziyyətini Ermənistan hakimiyyəti və xalqı çəkməkdədir. Söhbət İrəvanın mərkəzində daşnak, faşist əlaltılarına ucaldılan silsilə abidələrdən gedir. Əvvəl daşnak, faşist əlaltısı Njde Qaregen, indi də Osmanlı siyasi və hərbi liderlərinə və Azərbaycan siyasətçilərinə qarşı sui-qəsdlərdən ibarət adı “Nemesis” adlandırılan abidədən gedir. Nikol Paşinyan və komandası bu tip “abidələr”in qoyulmasından narazı olsalar da, millətçi, revanşist, anti-türk qüvvələrdən ehtiyat edərək sərt mövqe səsləndirə bilmədiklərini açıq ertiraf edirlər.

Və Ermənistan bu rəzil siyasətin acısını qeyd etdiyimiz kimi çəkməkdədir. “Abidə”nin qoyulmasına görə, rəsmi Ankara İrəvana qarşı sərt addımlar atıb. Bu ölkə ilə birbaşa uçuşları dayandırıb. Ardınca da Türkiyə cəmiyyətində sərhədlərin açılmasına qarşı etirazlar artmağa başlayıb. Məsələn, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (Taddef) vitse-prezidenti Serdar Ünsal aprelin 25-də ucaldılan “Nemesis” abidəsinə qarşı sərt çıxıb. Ünsal bildirib ki, erməni lobbisinin və Ermənistan dövlətinin açdığı bu abidə ermənilərin nə qədər qisasçı olduğunu ortaya qoydu. “Ona görə də Ermənistanla sərhəd qapıları açıla bilməz və biz onların açılmasını istəmirik” deyib.

Ermənilərin insanlığı, sülhü, dostluğu anlamadıqlarını deyən Ünsal onların beyinlərinin və qəlblərinin türkə qarşı kin və nifrətlə dolu olduğunu dilə gətirib. O bildirib ki, “ermənilər təəssüf ki, Türkiyənin uzatdığı  və sülh rəmzi olan zeytun budağını qırdılar. İrəvanda erməni terrorunu və qətliamını əks etdirən abidə açılıb. Ona görə də Türkiyə dövlətinə səslənirik. Sərhəd qapıları açılmamalı, dostluq qurulmamalı, onların anladığı dildə danışılmalıdır. Dövlətimizə öz hava məkanını erməni təyyarələrinin üzünə bağladığına görə təşəkkür edirik. Ermənilər açıq-aşkar hər sahədə türklərə qarşı düşmənçilik edirlər. Biz sərhəddə yaşayan insanlar olaraq “Əlican” sərhəd qapısının açılmasını istəmirik, biz qisasçı millət deyilik. Amma xüsusilə erməni diasporu dünyada bu məsələlərlə bağlı işinə son qoymalıdır. Üstəlik, ermənilər İğdırdan tutmuş Ərzuruma, o cümlədən Vana öz torpaqları kimi baxır, sərhədlərimizi tanımırlar. Onlar öz Konstitusiyalarında Ağrı dağını öz sərhədləri daxilində göstərirlər. Abidələr açır, Türkiyə və Azərbaycan bayraqlarını yandırırlar”.

Ünsal vurğulayıb ki, Ermənistan 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkmədikcə və Türkiyə sərhədlərini tanımadığı müddətcə “Əlican” Sərhəd Qapısının açılmasının əleyhinədirlər: “Biz İrəvanda “Nemesis abidəsi”nin açılışını qətiyyətlə pisləyirik, çünki bu biabırçı abidənin açılışı 31 diplomatın və onların ailə üzvlərinin qətlə yetirildiyi dəhşətli terror aktlarına səbəb olan qanlı terror aktını tərənnüm edir. Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda davamlı sülh və sabitliyin bərqərar olması səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək. Ermənistanın terror siyasəti və tarix boyu həyata keçirdiyi terror aktlarının təbliğatı bu abidə ilə aparılıb, ermənilər türk millətinə qarşı terror aktları törətməyə sövq edilib”.

Qeyd edək ki, “Nemesis” terror əməliyyatında Osmanlı liderlərindən başqa Azərbaycanın keçmiş baş nazirləri Fətəli Xan Xoyski və Nəsib bəy Yusifbəyli, parlamentin keçmiş sədri Həsən bəy Ağayev və keçmiş daxili işlər naziri Behbut xan Cavanşir kimi adlar da qətlə yetirilib. Ermənistanda terrorizmin dövlət siyasəti səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməlidir. Regionda sülh və əmin-amanlığın təmin olunması üçün Ermənistan terror siyasətinə son qoymalıdır.

Milli.az