“Nikol Paşinyan son açıqlamaları ilə problemi öz məsuliyyəti üzərindən çəkir, Qarabağdakı separatçıları Azərbaycanın daxili məsələsi və Azərbaycan Rusiya arasında problemi çevirməyə çalışır. Hər halda separatçıların Ermənistandakı rəhbərliyinin nəyi necə deməsindən aslı olmayaraq biz həqiqəti bilirik ki, Qarabağın şimalı ilə bağlı gələcək proseslər Rusiya Azərbaycan dialoqundan asılı olacaq”.
Bu sözləri Editor.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Nikol Paşinyan “Qarabağ Azərbaycandır” bəyanatı ilə faktiki olaraq etiraf etdi ki, Qarabağ Azərbaycan ərazisidir və bu, 2021-ci il ərzində ən azı 3-cü dəfə etirafıdır
” Dövlət rəhbərinin bu etirafı informasiya siyasətində gələcəkdə separatçılara qarşı aparacağımız müxtəlif mübarizə üsullarında bizə çox böyük dividentlər qazandırır. Təbii ki, Bakı və Moskva arasında birbaşa dialoq Xankəndi və ətraf rayonların gələcəyini müəyyən edəcək. İndiki halda əsas istiqamət Zəngəzur dəhlizinin istifadəyə verilməsi, nəqliyyat- kommunikasiya xətlərinin açılması, sülhün əldə edilməsi demakrasiya və delimitasiya prosesləri ilə bağlıdır. Artıq bir il keçib ancaq heç bir praktiki işə başlanılmayıb”.
Z.Məmmədov qeyd edib ki, Rusiyanın özü bu proseslərə vasitəçilik etdiyini bildirsə də əslində əsas məqsəd rus sülhməramlılarının vaxtı bitənə qədər prosesləri uzatmaqdır:
” Onların qalma müddəti uzanandan sonra isə Azərbaycan-Ermənistan arasında sərhədlərin demakrasiya və delimitasiya prosesinin həyata keçirilməsi, avtomobil nəqliyyat yolunun açılması ilə bağlı yaşıl işığı yandırmaq istiqamətində addımlar ata biləcək. Rusiya sülhməramlıların qalma müddətinin uzadılması ilə Azərbaycan və Ermənistan arasında öz oyununu oynamağa davam edəcək. Ona görə də beynəlxalq arenada Türkiyənin və Pakistanın daha da güclənməsi, dost ölkələrinin sayının artırılması istiqamətində işlər davam etdiriləcək. Ordu quruculuğununun da NATO standartlarına cavab verməsi istiqamətində əməli addımların atılması bunun bir hissəsidir. Bunlar çox çətin və ciddi proseslərdir. Hesab edirəm ki, bu proseslər yaxın 10 il davam etdiriləcək, bu illər ərzində Cənubi Qafqazda hegemon dövlətlər arasında geosiyasi mübarizə daha da qızışacaq”.
//Gülnarə Abasova, Editor.az

