Əsəblər tarıma çəkildi: siyasət səngərlərə enirbackend

Əsəblər tarıma çəkildi: siyasət səngərlərə enir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük İkinci Qarabağ Müharibəsi 30 il ərzində çözülməyən münaqişəni qısa müddətdə həll edərək “Dağlıq Qarabağ konflikti” ifadəsini və anlamını tarixə göməndən sonra regional geosiyasətdə özlərini aktiv oyunçu bilən tərəflər daha da aktivləşiblər.

Qarabağ problematikasının həllinə onillər ərzində bilərəkdən mane olanlar, qəsdən sədlər yaradanlar, ATƏT-in Minsk Qrupu kimi aform strukturun münaqişənin dinc danışıqlar yolu ilə nizamlanması adı ilə status-kvonu qoruyub saxlamağa çalışması, 2016-cı ildə Lələtəpənin düşməndən azad edilməsindən dərhal sonra bir sıra güclərin fəallaşması – bütün bunlar bir məcradan olan olaylar idi.

Paradoksal olsa da, kollektiv Qərb ilə Rusiyanın maraqları üst-üstə düşmüşdü.

Hazırda Qərb və Rusiyanın savaşın bir addımlığına gəlməsi və bu məsələnin siyasi həlli üçün Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın son günlərdəki aktivliyi də təsadüfi deyil.

Ukrayna və Rusiya arasında müharibə ərəfəsi həddinə çatmış qarşıdurmanı həll etmək üçün Putin-Zelenski görüşünü həll etməyə çalışan Ərdoğan eyni zamanda, Cənubi Qafqazda da Rusiyanın və Qərbin artıq çox kəskin ziddiyyətlər müstəvisinə keçmiş rəqabətini səngitməyə can atır.

Rusiyanın prezidenti Vladimir Putin təbii, anlayır ki, Türkiyə NATO ölkəsidir, Ankaranın bölgədə öz maraqları var və bu maraqlar heç bir halda Moskvanın geosiyasi planları çərçivəsində deyil: amma Kremlin başqa çıxış yolu yoxdur.

Rusiya məhz Türkiyə vasitəsilə Qərblə münasibətləri normallaşdırmağa, gərginliyi səngitməyə meyllidir.

44 günlük Vətən Müharibəsi zamanı Rusiyanın Ermənistana aşkar hərbi-siyasi dəstək verməkdən çəkinməsinin də əsas səbəbi Bakı və Ankara ilə münasibətləri sərinlətməmək istəyi idi.

Kreml başa düşür ki, gec-tez Ukrayna məsələsi həll edilməlidir. Eyni anda iki cəbhədə – həm Ukrayna istiqamətdə, həm də postsovet məkanının digər ərazilərində mərkəzəqaçma, yəni Moskvaya meyllənmə siyasətini aktivləşdirmək uğrunda mübarizə aparmaq Kreml üçün arzuolunan deyildi. Nəzərə alsaq ki, Qafqaz cəbhəsi Ukraynaya baxanda daha təhlükəlidir, o zaman Kremlin nədən Ərdoğan ilə mehriban düşmən obrazını oynaması aydın görünür.

Gələn həftə Ərdoğanın Ukraynaya səfəri çox güman ən çox Putini maraqlandırır, çünki Kreml etiraf etməsə və etmək istəməsə də, reallıq budur – NATO və ABŞ çox sürətlə Rusiyanın geosiyasi təsir imkanlarını zəiflətməyə çalışırlar.

KTMT qüvvələri tərkibində Rusiyanın hərbi kontingentinin bir neçə gün ərzində “Qazaxıstanda radikal və ekstremist elementləri zərərsizləşdirərək” geri qaytarılması məhz Qərbin mümkün addımlarını önləməyə çalışan Moskvanın preventiv davranışı idi.

Çox maraqlı və eyni zamanda, təhlükəli olaylar yaşanır. Kollektiv Qərb sərtləşib

Rusiyaya qarşı maksimal təzyiq vasitələrinə əl atır. Rusiya isə NATO-nun 1997-ci il sərhədlərinə doğru geri çəkilməyəcəyi təqdirdə, “adekvat addımlar atacağını” vurğulayır. Kremlin bu addımlar çərçivəsində Venesuela və ya Kubaya nüvə başlıqlı qitələrarası ballistik raket kompleksləri yerləşdirə biləcəyi, yaxud Ukrayna ətrafında və Belarusda əlavə hərbi kontingentlər toplayacağı ilə bağlı iddialar səslənir.

Qərblə Rusiya arasında savaş mümkün deyil, amma yaşananlar postsovet ölkələrinə ilk əvvəl iqtisadi baxımdan təsir edəcək.