Estoniya hibrid hücumlar olaraq xarakterizə etdiyi immiqrasiya vəziyyətinə görə Rusiya ilə sərhədini bağlamağa hazır olduğunu açıqladı.
Editor.az xəbər verir ki, Rusiyanın Estoniya cəmiyyətində təşviş və qeyri-sabitlik yaratdığına işarə edən ölkənin xarici işlər naziri Marqus Tsahkna NATO-nun xarici işlər nazirləri çərçivəsində Brüsseldə keçirilən Skandinaviya və Baltikyanı ölkələrin xarici işlər nazirlərinin görüşündə Estoniyanın sərhədlərlə bağlı mövqeyini bu şəkildə ümumiləşdirib.
Nazir çıxışında Rusiya ilə Finlandiya sərhədindəki vəziyyətə də diqqət çəkərək bildirib: “Estoniya Rusiya ilə sərhədini bağlamağa və hər cür hibrid hücumlardan qorunmağa hazırdır. Ölkəmiz Finlandiya ilə həmrəydir və lazım gələrsə, ona kömək etməyə hazırdır”.
Qeyd edək ki, son dövrlərdə davamlı olaraq gündəmdə olan hibrid müharibələr ənənəvi müharibələrdən fərqli olaraq “geostrateji tranzit zonalardakı tarixi, etnik, dini, sosial-iqtisadi və coğrafi fərqlərdən istifadə edən xarici kimlik münaqişələri” olaraq təyin olunsa da, bu üsul ümumiyyətlə nizamsız müharibə, saxta xəbərlər, yumşaq güc, diplomatiya və kənardan seçki müdaxiləsi kimi təsirli üsulları birləşdirən hərbi strategiyalar nəzərdə tutulur.
//Gülnarə Abasova, Editor.az

