Rusiyada xiyarın qiyməti kəskin şəkildə artıb: fevral ayının əvvəlində kiloqram başına orta pərakəndə satış qiyməti 300 rubla çatıb.
“The Moscow Times” bu barədə Forbes-in məlumatlarına istinadən məlumat verir. Qiymətlər ötən noyabr ayı ilə müqayisədə 111% yüksəkdir. Eyni zamanda, analitik şirkət “AB-Center” dekabr ayının sonundan bəri pərakəndə satışda xiyarın qiymətlərinin 41,8% artaraq kiloqram başına 223,7-dən 317,2 rubla çatdığını qeydə alıb.
Ruslar da öz növbəsində müxtəlif bölgələrdə xiyarın qiymətlərinin kiloqram başına 500, hətta 1000 rubla qədər yüksəlməsindən şikayətlənirlər. Xiyarın bir kiloqramı əslində bir kiloqram ətin qiyməti ilə eyni qiymətə çevrilib.
“Rosstat” məlumatlarına görə, donuz ətinin bir kiloqramı 396,93 rubl, mal əti isə 700,5 rubl təşkil edib. Rusiyanın “Lenta” hipermarket şəbəkəsinin məlumatına görə, yanvar ayından bəri tərəvəzlərin, xüsusən də xiyarların qiymətləri ənənəvi olaraq qışda istixana məhsuldarlığının azalması, Yeni il tətillərindən sonra tələbatın artması və logistika xərcləri səbəbindən artıb. Pərakəndə satış şirkətinin nümayəndəsi əlavə edib ki, bu il Rusiyada qeyri-adi soyuq hava şəraiti səbəbindən bütün istixana komplekslərində məhsuldarlıq kəskin şəkildə azalıb.
//Samir Qurbanov, Editor.az