“Eternity təlimləri son dəfə Bakıda 2019-cu ildə keçirilmişdir”.
Bunu Editor.az-a hərbi ekspert Ədalət Verdiyev Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilməsi ilə bağlı verilən xəbərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstan birgə bir çox əhəmiyyətli strateji layihələrdə iştirak edir: “Bu layihələr arasında çox böyük maliyyə vəsaitləri hesabına infrastrukturlar inşa edilir. Həmin infrastrukturların isə təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan, Türkiyə və Gürcüstan mütəmadi olaraq “Eternity” təlimlərini həyata keçirirlər”.
Hərbi ekspertin fikrincə, daha əvvəl keçirilən təlimlərdə Bakı-Tbilisi-Ceyhan neft-ixrac, Bakı-Tbilisi-Ərzurum qaz-boru kəmərlərinin o cümlədən, Bakı-Tbilisi-Qars dəmiryolu xətlərinin təhlükəsizliyinə təhdid yaratdığı ehtimal olunan terror qruplarının təxribatlarına qarşı mübarizə və onların fəsadlarının aradan qaldırılması istiqamətində hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələləri təlimlərin əsas mövzularından olmuşdur:
“Bu dəfə də çox ciddi dəyişikliklər olacağını düşünmürəm. Rəsmi açıqlamalar mövcud olmasa da təlimlərin əsas məqsədi hər üç ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli birgə strateji layihələrin təhlükəsizliyinin təmin olunması üzrə iştirakçıların biliklərinin artırılmasına, onların əməliyyat, təlim və analitik bacarıqlarının inkişaf etdirilməsinə, həmçinin təhlükəsizlik və mühafizə fəaliyyətlərinin həyata keçirilən bölmələr arasında qarşılıqlı uzlaşmanın təkminləşdirilməsindən ibarətdir. Böyük ehtimal bu təlimin ssenarisində mövcud şəraitin qiymətləndirilməsi, terror qruplarının ehtimal edilən təxribatlarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, qərargahların müvafiq qərarların təmin edilməsi üzrə fəaliyyətləri kimi məsələlər əvvəlcə kompüterlərdə icra olunacaq. Ola bilər ki, bu təlimin ikinci mərhələsində iştirakçılar onlara verilən müvafiq təhlükəsizlik üzrə tapşırıqları artıq səhnə şəraitində maksimum real vəziyyətə uyğunlaşdırılmış formada icra edəcəklər”.
//Safura Bənnayeva, Editor.az

