“Avropa Şurasına üzv olan və İnsan Haqları haqqında Avropa Konvensiyasına qoşulan istənilən ölkənin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququ var. Eyni zamanda, QHT və fiziki şəxslərin də bu imkanı var”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, Ermənistanın AİHM-ə müraciət etməsində və bunun qarşılığında Azərbaycana təklif ünvanlamasında mahiyyət etibarilə qeyri-adi heçnə yoxdur: “Bu prosedurun bir hissəsidir. Laçın yolunda azərbaycanlı ekofəallar, QHT nümayəndələri, media işçiləri hələ də aksiyaları davam etdirir. Bu etiraz aksiyası hansısa humanitar yardımın daşınmasına mane olmur. Beynəlxalq təşkilatların, xarici ölkələrin nümayəndələri də nəyin baş verdiyinin fərqində olmalıdırlar. Əks istiqamətdə proseslərin cərəyan etməsi ilə bağlı müxtəlif yanaşmaların da şahidi oluruq. Əgər söhbət insan hüquq və azadlıqlarının qorunmasından gedirsə, 30 ilə yaxın müddətdə ermənilər azərbaycanlıların hüquqlarını kobud şəkildə pozub. Uzun illər boyu bütövlükdə ölkə iqtisadiyyatına dəyən ziyan Azərbaycan ərazilərinin dağıdılması, insanların həyatına dəyən zərərdir”.
Politoloq qeyd edir ki, Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə prosesi, vandalizm aktları, digər müharibə cinayətlərini tamamilə toparlasaq bütövlükdə bu bəşər tarixində ən ağır cinayətlər kateqoriyasına daxildir: “Çünki Ermənistan mahiyyət etibarilə Beynəlxalq Humanitar Hüququn çərçivəsinə daxil olan elə bir müharibə cinayəti deyil. Mövcud şəraitdə də azərbaycanlıların hüquqları pozulmaqda davam edir. Azərbaycan torpaqları qeyri-qanuni istismar olunur. Ekologiyaya dəyən ziyan insanların da həyatına zərər göstərdiyi üçün bu da insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına xidmət edən faktordur. Azərbaycanlıların keçirdiyi etiraz aksiyası Azərbaycan cəmiyyətinin mövqeyini müdafiə etməklə yanaşı həm də reallıqda baş verən qanunsuzluqlara etirazdır. Dünyanın diqqətini bu qanun pozuntularına yönəltmək xarakteri daşıyır. AİHM-da Azərbaycanın müvafiq cavabından sonra məsələlər prosedura uyğun müzakirə olunacaq. Avropa İnsan Haqları Məhkəməsi hansı qərarı qəbul etməsindən asılı olmayaraq, hüquqi müstəvidə nə Ermənistanın nə də digər ölkələrin Azərbaycana qarşı irəli sürə biləcəyi hər hansı iddiası yoxdur”.
//Safura Bənnayeva, Editor.az

