İSTİQAMƏT: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Dövlət Statistika Komitəsinin bu ilin yanvar-fevral aylarında boşanmaların sayının artması ilə bağlı məlumat yayıb. Bəzi ekspertlər deyirlər ki, nikah şöbələrinin nəzdində yeni ailə qurmaq istəyən cütlüklər üçün kurslar təşkil olunmalı, evlənmək istəyənlər məcburi qaydada o kurslara cəlb olunmalıdırlar. Hətta bu istiqamətdə işlərin orta təhsil müəssisələrindən başlamağın vacibliyindən söz açılır.
Statistikaya görə pandemiyadan sonra da ümumiyyətlə bütün dünyada boşanmaların sayı artıb.
Psixoloq, psixoterapevt Elmir Əkbər məsələ ilə bağlı Editor.az-a bildirir ki, bəzən ailələr xırda konfliktlər üzərində boşanmağa cəhd edirlər:

“Ailə terapiyaları zamanı konsultasiya zəmnində məlum olur ki, xırda psixoloji səbəbdən bu hal baş verib. Böyük kimi görsənən çox kiçik problemlər həll edildikdən sonra cütlük xoşbəxtlik ailə həyatına başlayır. Boşanmaların kökündə əsas etibarilə psixoloji səbəblər durur. Bu kimi səbəblərin aradan qalxmağı ailələrin tamlığını xilas edə bilər. Sözsüz ki, müəyyən qrup ailələr var ki, boşanmalıdır və boşanacaq. Onun qarşısını heç kəs ala bilməz. Boşanmaq səbəblərini kurslar, təlimlər vasitəsilə tam aydınlaşdırmaq mümkün deyil. Kurslarda cütlüklər problemlərini açıq şəkildə danışa bilmir. Ona görə də fərdi konsultasiyalar qaçılmazdır. Ancaq təlim vasitəsilə insanlar müxtəlif problemlərin həlli, boşanma məsələləri barədə maarifləndirmə işləri aparılmalıdır. Cütlüklər təlimlərə ancaq boşanma məqamında qoşulmamalıdır, yeni ailə quranlar da bu barədə maariflənməlidir. Hesab edirəm ki, kurslar əhəmiyyətlidir. Ancaq maraqlıdır bu təlimləri kim təşkil edəcək? Hansısa məmurun qohumları? Bu vacib məqama həssas yanaşmaq lazımdır”.
Psixoteravpevtin sözlərinə görə bu gün ölkəmizdə öz ailə münasibətlərini qoruyub saxlaya bilməyən və ya bilmək istəməyən xeyli qeyri-peşəkar psixoloqlar fəaliyyət göstərir;
“Belə şəxslər başqalarına təlim keçə, ağıl verə bilməz. Bu acınacaqlı haldır. Boşanma, ailə həyatı ilə bağlı məsələlər barədə yaş kateqoriyalarına uyğun olaraq orta məktəblərdə, universitetlərdə maarifləndirmə işləri aparıla bilər. Bu təkcə ailəni necə qurmaq , ailə münasibətləri barədə deyil, həm də özünü tanımaqla bağlı olmalıdır. Ona görə hesab edirəm ki, bütün təhsil müəssisələr psixologiya fənninə geniş yer ayırmalıdır. Orta məktəb psixoloqlarının əmək haqqları çox aşağıdır. Qınayırlar ki, orta məktəb psixoloqlarının savadı yoxdur. Ancaq onların şəraiti də yoxdur. Dərs saatları çoxaldılmalıdır”.
E. Əkbər vurğulayıb ki, boşanma səbəblərindən ən əsası ər və arvadın həm fizioloji, həm də psixoloji baxımdan bir-birini qəbul etməməsidir:
“Təsəvvür edin ki, ayrı-ayrı evlərdə tərbiyə almış, müxtəlif xarakterli iki insan bir ömür birlikdə yaşayır. Əlbəttə çətinliklər olacaq. Buna birinci növbədə psixoloji hazırlıq lazımdır. Valideynlər evlənməzdən əvvəl övladlarını psixoterapiyalara aparmaq əvəzinə qızıl, cehiz yığmaqla məşğuldur. Eyni zamanda, valideyn müdaxiləsi, psixoseksual uyğunsuzluqlar da psixaterapevt kabinetində həll olunmalıdır. Bizim cəmiyyətdə isə az qala “döyüş meydanın”da həll yolları axtarılır. Nə qədər ki, öz dərdlərimizi psixaterapevtə danışmağı kompleks edəcək, o qədər də bu problemlər artacaq. Gənclərimiz inkişaf etmiş ölkələrdə olduğu kimi ölkəmizdə də psixoloq, psixoterapevtlə məsləhətləşmələr aparmağı mədəniyyət halına gətirməlidirlər”.
Vəkil Babək Həmidov isə mövzu ilə bağlı Editor.az-a açıqlamasında bu istiqamətdə kursların nə dərəcədə effektiv olacağını proqnozlaşdırmağın çətin olduğunu deyib:

“Boşanmaların səbəbi bir çox hallarda ailədaxili zorakılıq faktları və qadına qarşı fiziki, psixoloji, mənəvi zorakılığın xroniki hal alması ilə bağlıdır. Bu kimi hallarda artıq ailənin qorunub saxlanılması belə həmin qadının həyat və sağlamlığı üçün təhlükəli ola bilər. Ona görə boşanma ən azından həmin zorakılığa məruz qalan şəxsin həyat və sağlamlığının müdafiəsi əhəmiyyəti daşıyır”.
Vəkil vurğulayıb ki, boşanmalara səbəblərdən biri də yeni ailə quranların evsizlik problemidir:
“Bu məsələni yeni “evlilərin evsizliyi” adlandırmaq olar. Hər qurulan 10 ailədən 9-u qaynana və qaynata ilə birgə yaşayır. Bu birgə yaşayış zamanı da artıq qaynata,qaynana, baldız münasibətlərində baş verənlər ərlə arvad arasında problemlər yaradır. Bu münasibətlər sonra mübahisələrə çevrilir və gərginlik tərəflərdən biri üçün dözülməz hal alır. Ölkəmizdə gənc ailələrin evlə təmin olunması şərtləri asanlaşacağı təqdirdə həmin ailələrdə ən azından məişətdə məlum olan gəlin- qaynana, baldız-qaynana problemləri aradan qalxa bilər. Yəni əslində boşanmaların səbəbi evsizlikdir, qaynana və ya gəlin, baldız deyil. Gənc ailələri evlə təmin edərək bu təsirləri minimuma çevirmək mümkündür”.
Sosioloq Lalə Mehralı isə boşanmaların hazırkı statistikasının sanki insanların boşanmaq üçün evləndiyi təəssüratını yaratdığını bildirib:

“Bu qədər boşanmağa meyllilik niyə, hardan yaranır, maraqlıdır. Zənnimcə kurslarla bunu kompensasiya etmək olmaz, çünki tərəflər buna isti baxmayacaq. Boşanmanı hansı hallarda reallaşdırmaq olar, hansı səbəblərdən boşana bilərlər – bunun üzərində işlənə bilər. Mən bildiyimə görə bir çox havadan-sudan səbəblərlə boşanan olduqca çox ailə var, hələ bir çoxunu hakim boşamır, Mediasiya Şurasına yönəldir. Amma şuranın xidmətləri də pullu olduğu üçün tərəflər könülsüz gedir. Hesab edirəm ki, Mediasiya Şurasının xidmətlərini ödənişsiz etməklə, cütlüklə terapiyalar aparılmaqla, ailə psixoloqu təyin etməklə daha çox nəticə əldə etmək olar”.
Sosioloq Türkiyədə bu yaxınlarda 25 il evli qalan qadınlara təqaüd kəsiləcəyi barədə qəbul edilən qərarın ölkəmizdə də tətbiqi məsələsinə də münasibət bildirib:
“Fikrimcə bu boşanmaların qarşısını ala biləcək əla düşünülmüş təşviqedici proqramdır. Türkiyədə boşanma statistikası təhlükəli həddədir, hökumət bununla bağlı ciddi bir tədbir görməli idi. İldə 180 mindən artıq boşanma qeydə alınan bir ölkədə ailə institutu təhlükədədir. Xüsusilə Türkiyə kimi həyatın günü- gündən bahalaşdığı, yaşam şərtlərinin ağırlaşdığı, ailədə kişilərin qadına qarşı ciddi aqressiya göstərdiyi bir ölkədə boşanmalara görə ödənən təzminat və verilən aliment məbləği də yüksəlir. Hesab edirəm ki, bu addımla ölkənin ailə sistemində boşanma nisbətini azalda biləcəklər. Ancaq Azərbaycanda bu cür addım atılacağını güman etmirəm, çünki illərdir, ölkəmizdə uşaqpulu, Mediasiya Şurasının xidmətinin pulsuz olması ilə bağlı çağırışlarımız cavabsız qalır. Amma əgər bu cür addım atılsa, təbii ki ailələrin dağılmasının qarşısı alınar, tərəflər uzlaşmağa meylli olar. Bu, bir növ erkən təqaüdə çıxmaq kimi bir şeydir”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


