Eyni tarix, eyni hadisə: Azərbaycan səfirliyinə qarşı həyata keçirilən hücumun səbəbi nədir?-AÇIQLAMA  backend

Eyni tarix, eyni hadisə: Azərbaycan səfirliyinə qarşı həyata keçirilən hücumun səbəbi nədir?-AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Maraqlısı isə budur ki, 27 yanvar 1973-cü il tarixində ABŞ-da türk diplomata qarşı terror hücumu baş tutmuşdu. Erməni Qurgen Yanikyan sözügedən tarixdə türk səfir Mehmet Baydar və Bahadır Dəmiri Santa Barbaradakı Baltimore otelinə dəvət edir və orada teraktı həyata keçirir. Ehtimal olunur ki, İrandakı səfirliyimizə hücum da bu tarixlə bağlıdır.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Tural İsmayılov qeyd edir ki, Azərbaycan diplomatlarına, konsulluqlarına qarşı həyata keçirilən bu hücumların həm də səfirliklərimizin yerləşdiyi ölkələrin məsuliyyətsizliyini ortaya qoyur:

“Daha əvvəl Livan, Fransa və ABŞ-da konsulluqlarımıza qarşı həyata keçirilən hücumların cavabdehlərinin cəzalandırılması, eyni zamanda, bu proseslərin arxasında kimlərin dayandığı ilə bağlı dəqiq məlumatlar verilməmişdi.
Bu gün isə Tehranda belə bir hadisənin baş verməsi Azərbaycanla İran arasındakı münasibətlərin gərginlik fonundan sakitlik müstəvisinə keçdiyi indiki dövrdə ciddi suallar doğurur. Hesab edirəm ki, İranın təhlükəsizlik orqanları mütləq şəkildə Azərbaycan səfirliyinin fəaliyyətinin təhlükəsizliyi üçün daha böyük səylər göstərməlidir. Mütləq şəkildə hücumun səbəbi aydınlaşdırlmalı, arxasında kimin dayandığı üzə çıxmalıdır. Silahlı  hücumun səbəbkarının kim olduğunu bildirmək hələ tezdir. İranın açıqlamasından sonra bu məsələ ilə bağlı hansısa mövqe ortaya qoymaq olar”.
 
//Safura Bənnayeva, Editor.az