İllərdir xarici ölkələrdə erməni vandalizmini dünya ictimaiətinə çatdırmaqla məşğuluq. Nəhayət ki, erməni vəhşiliklərini öz gözlərimizlə görmək bizə də nəsib oldu. Atalar demişkən yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.
Azərbaycanı 26 ölkədə təmsil edən diaspor nümayəndələri olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şuşaya səfər etdik. Marşurutumuz Füzuli rayonunun ərazisindən keçən “Zəfər yolu”yla idi. Yol boyu erməni terrorizminin izlərini görüb, vandalizmin şahidi olurduq. Əkin sahələri yandırılmış, evlər isə darmadağın edilmişdi. Başı damlı bir dənə də olsun tikili qalmamışdı. Füzuli yerlə yeksan edilmişdi.
Daşaltıya çatdıqda isə igid hərbiçilərimizin qəhrəmanlıqla sıldırım qayalara dırmaşaraq, irəlilədikləri və əlbəyaxa döyüşləri sanki gözümüzün önündə canlandı. Şuşanın hansı çətinliklərlə işğaldan azad edildiyini bir daha dərk etdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə can sağlığı versin.
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamışlar. Lakin bütün bu vandalizm aktların törətsələrdə Şuşada Azərbaycan ruhunu silə bilməmələrinin də şahidi olduq.
Burada aparılan bərpa quruculuq işləri tezliklə Şuşanın yenidən canlanacağından xəbər verirdi. Xüsusən də Cıdır düzünü yenidən qonaqlı-qaralı görmək bizi çox sevindirdi. Cıdır düzündə Böyük Azərbaycan bayrağını dalğalandıraraq Azərbaycan diasporasının vəhdətini nümayiş etdirdik. Nahar vaxtı Şuşanın ləziz təamlarının dadına baxdıq. Və Azərbaycan milli mətbəxinin dünyanın ən qədim, ən zəngin və dadlı mətbəxlərindən biri olduğunu əyani şəkildə bir daha görmüş olduq.
Şəhər gəzintisi zamanı Xurşidbanu Natəvanın ev muzeyinin qarşısında iki qardaş ölkə – Azərbaycanla Türkiyə arasında tarixi “Şuşa Bəyannaməsi” imzalandığı yerdə ayaq saxlayaraq bu tarixi sənədin iki qardaş xalqın diasporunun da yeni bir müstəvidə, daha səmərəli əməkdaşlığı üçün geniş imkanlar açacağını soydaşlarımızla müzakirə etdik. Şuşanın “Gəncə qapısı” adlanan girişində toplu fotolar çəkildi və Azərbaycan diasporası vəhdətini bir daha nümayiş etdirdi. Bu cür möhtəşəm şəhərlə vidalaşmaq çox çətin idi, lakin təsəllimiz o idi ki, cənab Prezidentin də dediyi kimi, biz əbədi qayıtmışıq, Şuşa bizimdir və burada əbədi yaşayacağıq.
Sonda Şuşanın ən qədim məscidi olan Yuxarı Gövhər ağa məscidində namaz qıldıq və erməni tapdağında olan digər torpaqlarımızın da tezliklə işğaldan azad edilməsi üçün dualar etdik.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov başda olmaqla zəhməti keçən hər kəsə təşəkkürümüzü bildiririk.
Rəşad Rza,
Türkiyədəki Azərbaycan diaspora təşkilatı rəhbəri.







