“Son zamanlar media rəsmilərimizdən birinin qeyri-adekvat açıqlamaları ilə bağlı pis təəssürat yaranıb”.
Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidentliyinin kommunikasiya mərkəzinin rəhbəri Fahrettin Altun İranın mədəniyyət naziri Abbas Salehi ilə söhbətində deyib.
O əlavə edib: “Bununla bağlı təəssüfləndiyimi bildirərək vurğulayıram ki, Türkiyə hökumətinin yanaşması İranla bütün sahələrdə dostluğu gücləndirmək və əlaqələri artırmaqdan ibarətdir və buna zidd hər hansı bəyanatın yanaşmamızla heç bir əlaqəsi yoxdur”.
Xatırladaq ki, bir neçə gün əvvəl TRT-nin baş müdiri Zahid Sobacı bu ilin sonunda “TRT Fars” şəbəkəsinin fəaliyyətini açıqlamışdı. Onun “Biz İranı narahat etməliyik, buna məcburuq” ifadəsi geniş narazılıq doğurmuşdu.

