Əfqanıstanda “Falcon 10” qəzasında sağ qalan rusların ilk görüntüləri ortaya çıxıb.
Editor.az bildirir ki, bu barədə bazar ertəsi, yanvarın 22-də “Hürriyyət” radiosu məlumat verib. Yayılan video görüntülərdə qarlı ərazidə qəzaya uğrayan təyyarənin qalıqları əks olunub. Bundan əlavə, təyyarə qəzasından sağ çıxan pilotlar Dmitri Belyakov və Arkadi Qraçovu, həmçinin həkim Pavel Popovu görmək olur.
Xatırladaq ki, “Falcon 10” sərnişin təyyarəsi ötən şənbə, yanvarın 20-də Əfqanıstanın Bədəxşan əyalətinin dağlarında qəzaya uğrayıb. Əfqanıstan Nəqliyyat Nazirliyi bildirib ki, təyyarə ölkə ərazisi üzərində uçmalı deyildi, lakin naməlum səbəbdən marşrutunu dəyişib.
Rusiya Federasiyasının İstintaq Komitəsi “ehtiyatsızlıqdan iki və ya daha çox insanın ölümünə səbəb olan yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma” maddəsi ilə cinayət işi açıb. Federal Hava Nəqliyyatı Agentliyi bildirib ki, təyyarədə olan 6 nəfərdən 4-ü sağ qalıb. Eyni zamanda sağ qalanlardan biri Əfqanıstanda əhalinin məskunlaşdığı əraziyə yaxınlaşaraq kömək istəyə bilib.
//Samir Qurbanov, Editor.az

