Xəbər verdiyimiz kimi, martın 28-də terror hücumuna məruz qalmış Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa iki aylıq fasilədən sonra parlamentin bu gün keçirilən plenar iclasında iştirak edib.
Qeyd edək ki, deputat səhhətindəki problemlərlə əlaqədar iki aydır Milli Məclisin komitə və plenar iclaslarında iştirak edə bilmirdi.
Yenisabah.az-ın əməkdaşı ilə söhbətində BQP sədri bildirib ki, o, artıq bir neçə gündür ki, işə çıxır:
“Artıq mən bir neçə gündür işə çıxıram və bu gün sessiyalara ilk dəfə qatıldım. Hətta ilk dəfə çıxış da etdim.
Hesab edirəm ki, artıq məsələlər arxada qaldı. Doğrudur, kifayət qədər ağır proses olsa da, bunu adladıq. Hazırda reabilitasiyanı davam etdirsəm də, bu, fəaliyyətimə mane olmur. Təhlükəsizliklə bağlı da bütün məsələlər qaydasındadır və hər hansı bir narahatlığa ehtiyac yoxdur.
Ümid edirəm ki, reabilitasiya prosesi başa çatandan sonra daha rahatlıqla həm ictimai həyatda, həm də başqa sahələrdə öz imkanlarımın hüdudları çərçivəsində aktiv fəaliyyətə başlayacağam. Ona görə də hazırkı vəziyyətdə hansısa bir narahatlıq yaradan məqam yoxdur”.
Xatırladaq ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Nəticədə, əvvəlcə terror aktının sifarişçisi, sonra isə icraçılar müəyyən edilib. DİN və DTX-nin şəxsi heyətinin birgə səyləri, polis əməkdaşlarının peşəkarlığı və fədakarlığı sayəsində aprelin 2-dən 3-nə keçən gecə cinayətkar dəstənin üzvləri həbs ediliblər. Hadisədə əli olan bir neçə nəfər tutulub.

