“Həmas-İsrail münaqişəsinin başladığı ilk günlərdən bəlli idi ki, burada mütləq şəkildə Rusiyanın əli var”.
Bunu Editor.az-a AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Rusiyanın “Russia Today” telekanalının baş redaktoru və Kremlin aparıcı təbliğatçılarından biri Marqarita Simonyan bu həftə İsraili Qəzza bölgəsində hərbi əməliyyatına görə “faşizm” və “dəhşət doğuran qəddarlıqda” ittiham etməsinə, “İsraildən fərqli olaraq, Rusiyanın “millətə nifrət və düşmənçiliyi yoxdur, israillilərə zərrə qədər acıma və mərhəmət” olmamalıdır”,-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Kreml bir növ Amerika başda olmaqla, Qərb ölkələrinə mesaj verdi ki, Ukrayna böhranına cavab olaraq onlara bu müharibəni hədiyyə edir:
“Müsəlmanıq, günahsız fələstinlilərin vəhşicəsinə öldürülməsinə, körpələrin, uşaqların həyatın dadını çəkməmiş qətliam edilmələrinə nəsə deməyə söz tapa bilmirik. Çox acıdır. Amma bir məsələni də etiraf etməliyik ki, müharibənin necə və nə cür başladığı vacibdir. Burada bir növ haqlı olduğun yerdə haqsız duruma düşmə məsələsi yaşandı. Amma bütün bunlar heç bir halda İsrailə Fələstində xəstəxanaya raket atmasına, minə yaxın sivil insanın ölümünə bais olmasına əsas vermir. Simonyanın fikirlərinə gəlincə, burada təbii ki, həqiqət payı da az deyil. Amma etiraf edək ki, onun təmsilçisi olduğu ölkə də başqa bir ölkədə işğalçı müharibə aparır. Faşizm fikirləri olan hissə ilə tam razıyam. Qəzzada xəstəxanaya atılan raket bunun bariz sübutudur. Qəddarlıq ittihamı ilə də tam razılaşmaq mümkündür. Amma Rusiyanın “millətə nifrət və düşmənçiliyi yoxdur” kimi fikirlər Məlikməmmədin nağılına bənzəyir. Başqa xalqlara rusların nifrətini elə israillilərə acımamaq barədə fikirlər sübut edir. Axı onlar da günahsız xalq sayılır. Necə acımamaq olar? Ümumiyyətlə, istənilən xalqı günahsız yerə qətliam etmək tarixi cinayətdir. Buna yol vermək olmaz. Baxmayaraq ki, tez-tez təyyarə pilləkənlərində yıxılan, demokratiyadan dəm vuran bir ölkənin rəhbəri Bayden dolayısı ilə İsrail tərəfə atdığı raketə görə haqq qazandırdı, hətta burada İsrailin əlinin olmadığını həyasızcasına ifadə etdi”.
Siyasi şərhçinin fikrincə, Ukrayna savaşında olduğu kimi, İsrail-HƏMAS savaşında da beynəlxalq güclər səmimi deyil və bundan sonra da səmimi olmayacaqlar:
“Ona görə də, oyunçu olmaq deyil, oyunu idarə edən hakim olmaq lazımdır. Digərləri kimi Rusiya da burada səmimi ola bilməz və onun Həmas-İsrail müharibəsində vasitəçi olması mümkün deyil. Ən yaxşı halda burada yeganə vasitəçi gözü ilə baxa tərəf Ərdoğan Türkiyəsidir. Bilirsiniz ki, bu müharibədə Türkiyə haqqın tərəfində, yəni Fələstinin yanındadır, amma İsraillə də münasibətlərini tam şəkildə pozmamış deyil. Sonda sülh əldə olunarsa, əsas söz sahibinin rəsmi Ankara olacağını indidən ehtimal etmək olar. Rusiyanın proseslərə daxil olması sadəcə savaşın müddətini uzada bilər, başqa heç nəyə yaramaz. O cümlədən, bu fikirləri Amerika başda olmaqla, Qərb dünyasına da aid etmək olar. Müharibəni sadəcə tərəflər dayandıra bilər və düşünürəm ki, yaxın günlərdə bunun şahidi olacağıq. İnşallah, tezliklə buna nail olunar”.
//Safura Bənnayeva, Editor.az

